İyul 8, 2026
Baku
İdman Xəbərlər

Qələbəni kim qazanır: futbolçular, yoxsa oyun planı?

Müasir futbol artıq bir futbolçunun oyunun taleyini təkbaşına həll etdiyi dövrü geridə qoyub. Bir zamanlar meydandakı hər detal fərdi ilhamdan asılı idisə, bu gün qələbənin açarı daha çox düzgün qurulmuş oyun sistemi, taktiki intizam və kollektiv düşüncə ilə müəyyən olunur. Futbolda baş verən bu dəyişiklik təsadüfi deyil – illər ərzində formalaşan yeni oyun fəlsəfəsinin məntiqi nəticəsidir.
Uzun illər azarkeşlər Lionel Messinin sehrinə, Kriştianu Ronaldonun fiziki üstünlüyünə, Dieqo Maradonanın futbol dahiliyinə heyranlıqla tamaşa etdilər. Bu oyunçular bir toxunuşla matçın gedişini dəyişmək gücünə malik idilər. Lakin müasir futbolda rəqiblər daha sistemli, analizlər daha dərindir, meydandakı boşluqlar isə minimuma endirilib. Belə bir şəraitdə təkcə fərdi ustalıq qələbə üçün kifayət etmir. Əgər komanda mexanizmi düzgün işləmirsə, ən böyük ulduzlar belə oyuna ciddi təsir göstərə bilmir.
Bugünkü uğurlu komandaların əsas xüsusiyyəti onların futbolçu adları üzərində deyil, dəqiq oyun planı üzərində qurulmasıdır. Meydanda hər bir futbolçu öz rolunu, məsuliyyət zonasını və tapşırıqlarını dəqiq bilir. Pressinqin harada başlayacağı, top itirildikdən sonra hansı reaksiyanın veriləcəyi əvvəlcədən müəyyənləşdirilmiş sistemlə tənzimlənir. Bu səbəbdən müasir futbolçu təkcə texniki bacarıqlarla kifayətlənməməli, yüksək taktiki düşüncəyə də sahib olmalıdır. Artıq ulduz statusu fərdi istedaddan çox, sistemin effektiv hissəsinə çevrilmək bacarığı ilə ölçülür.
Bu transformasiya məşqçi faktorunun əhəmiyyətini də ön plana çıxarıb. Müasir futbolda baş məşqçi sadəcə heyəti müəyyən edən şəxs deyil, bütöv oyun fəlsəfəsinin müəllifidir. Onun qurduğu sistem fərdi keyfiyyətləri önə çıxarmaqla yanaşı, onları ümumi balans daxilində saxlayır. Belə komandalar əsas ulduzlarını itirsələr belə, oyun strukturunu qorumağı bacarırlar. Çünki əsas güc fərdi adlarda deyil, kollektiv uyğunluqda və taktiki sabitlikdə cəmlənir.
Ulduz anlayışındakı bu dəyişiklik transfer siyasətinə də təsirsiz ötüşməyib. Klublar artıq yalnız səs-küylü adların arxasınca düşmür, konkret oyun modelinə uyğun futbolçular axtarır. Bahalı və riskli transferlər yerini funksional, məqsədyönlü və sistemə uyğun seçimlərə verir. Bu yanaşma futbolda fərdi parıltıdan çox davamlılığın və stabil performansın dəyər qazandığını göstərir.
Bununla belə, ulduz futbolçuların rolu tamamilə arxa plana keçməyib. Onlar hələ də vacibdir, lakin artıq komandanın üzərində deyil, komandanın daxilində önəm kəsb edirlər. Müasir ulduz sistemi pozan deyil, onu gücləndirən futbolçudur. Fərdi bacarıqlar kollektiv məqsədlə uzlaşdıqda, həmin futbolçu əsl dəyərini ortaya qoyur.
Nəticə etibarilə, müasir futbolun əsas qalibləri məşhur adlar yox, düşünülmüş oyun modelləridir. Qələbə artıq təsadüfi ilham anlarından deyil, planlı pressinqdən, taktiki çeviklikdən və kollektiv məsuliyyətdən doğur. Futbol romantikasını itirməyib – sadəcə formasını dəyişib. Bu gün meydanda fərdlər deyil, düzgün qurulmuş sistemlər qalib gəlir.
Müəllif: İlham İbrahimov
BDU jurnalistika fakültəsinin IV kurs tələbəsi
Gundelik.az