Qəhvə ölçülü şəkildə istifadə edildikdə sağlamlıq üçün faydalı ola bilər. Lakin həddindən artıq qəhvə qəbulu ürəkdöyünmə, təzyiq dəyişiklikləri, mədə problemləri və yuxu pozğunluqları kimi müxtəlif narahatlıqlara səbəb ola bilər.
Kofein yorğunluğu aradan qaldırmır
Qəhvənin əsas təsiri tərkibindəki kofeindən qaynaqlanır. Kofein beyində yorğunluq hissini yaradan reseptorları müvəqqəti olaraq zəiflədir və insan özünü daha ayıq, enerjili və diqqətli hiss edir.
Ancaq kofein həqiqi yorğunluğu yox etmir, sadəcə onu bir müddət gecikdirir. Əgər insan gün ərzində getdikcə daha çox qəhvə içməyə ehtiyac duyursa, bunun səbəbi çox vaxt yuxusuzluq, xroniki stress, nizamsız qidalanma və ya ağır iş rejimi ola bilər.
Ölçülü qəhvə istehlakının faydaları
Son elmi araşdırmalar göstərir ki, gündə 3-5 fincan qəhvə içmək:
ürək-damar xəstəlikləri riskini azalda,
2-ci tip diabetin yaranma ehtimalını aşağı sala,
insult və bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərə,
zehni zəifləməni ləngidə bilər.
Qəhvənin tərkibində olan antioksidantlar və polifenollar iltihabı və oksidləşdirici stressi azaltmağa, insulinə həssaslığı artırmağa kömək edə bilər.
Beyin və qaraciyər üçün mümkün faydaları
Araşdırmalara görə, gündə təxminən 2-3 fincan kofeinli qəhvə içmək demensiya riskini azalda və yaddaşın zəifləməsini yavaşlada bilər. Həmçinin bəzi tədqiqatlar qəhvənin qaraciyər sağlamlığına və bəzi xərçəng növlərində daha yaxşı nəticələrə müsbət təsir göstərə biləcəyini göstərir.
Şəkərli hazır qəhvələrə diqqət
Faydalı təsirlər əsasən şəkərsiz və qatqısız qəhvələrə – məsələn, Türk qəhvəsi və ya filtr qəhvəyə aiddir.
Karamelli, vanilli, kremli və yüksək şəkərli hazır qəhvə içkiləri isə çoxlu əlavə şəkər və kalori ehtiva etdiyindən piylənmə, insulin müqaviməti və metabolik problemlər riskini artıra bilər.
Həddindən artıq qəhvə içməyin zərərləri
Sağlam böyüklər üçün gündə təxminən 400 mq kofein (orta hesabla 3-4 fincan qəhvə) adətən təhlükəsiz hesab olunur.
Bu miqdardan artıq qəbul edildikdə:
ürəkdöyünmə,
narahatlıq və həyəcan,
mədə problemləri,
qan təzyiqində dəyişikliklər,
yuxusuzluq və yuxu keyfiyyətinin pisləşməsi yarana bilər.
Xüsusilə günortadan sonra və axşam saatlarında çox qəhvə içmək gecə yuxusunu poza bilər.
Kimlər daha diqqətli olmalıdır?
Aşağıdakı şəxslər qəhvə qəbulunu məhdudlaşdırmalıdır:
ürək ritm pozğunluğu olanlar,
yüksək təzyiq xəstələri,
mədə xəstəlikləri olanlar,
anksiyete pozuntusu yaşayanlar,
osteoporoz (sümük əriməsi) riski olanlar.
Həmçinin, hamiləlik dövründə gündəlik kofein miqdarının 200 mq-dan az olması tövsiyə edilir. Qəhvənin həddindən artıq istifadəsi kalsium itkisini artıraraq sümük sağlamlığına da mənfi təsir göstərə bilər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

