Elm dünyasında uzun müddətdir müzakirə olunan “Arılar doğrudanmı saya bilir, yoxsa sadəcə vizual naxışları ayırd edirlər?” sualına yeni bir araşdırma aydınlıq gətirib. Alimlər müəyyən ediblər ki, arılar sadəcə görmə illüziyalarına aldanmır, onlar sayısal dəyərləri də qavraya bilirlər.
Arıların say qabiliyyəti son illərdə biologiya sahəsində ən çox müzakirə olunan mövzulardan biridir. Bəzi mütəxəssislər əvvəlki təcrübələrdə arıların əslində saymadığını, yalnız müxtəlif vizual naxışlar arasındakı fərqləri seçərək düzgün nəticəyə gəldiyini iddia edirdilər.
Lakin İtaliyanın Trento Universitetindən neyroalim Mirko Zanon və Avstraliyanın Monash Universitetindən zooloq Skarlett Hovardın rəhbərlik etdiyi tədqiqat qrupu bu mübahisəyə aydınlıq gətirən araşdırma aparıb. Alimlər arıların idrak qabiliyyətini qiymətləndirərkən insan baxış bucağından uzaqlaşaraq, dünyanı arıların necə gördüyünü nəzərə alıblar.
Əvvəlki tədqiqatlarda arılara müəyyən saylarla əlaqələndirilmiş simvollar öyrədilmiş, daha sonra isə üzərində müxtəlif sayda fiqurlar olan kartlarla sınaqdan keçirilmişdilər. Təlim mərhələsində arılar 75-80 faiz uğur göstərsələr də, tənqidçilər bunun sayma bacarığı deyil, sadəcə vizual mürəkkəbliyi fərqləndirmə qabiliyyəti olduğunu düşünürdülər. Onların fikrincə, arılar zəif görmə qabiliyyətlərinə görə sadəcə daha dolu və ya daha qarışıq görünən kartları seçirdilər.
Bu iddiaları yoxlamaq üçün alimlər əvvəlki təcrübələrdə istifadə olunan şəkilləri arıların görmə imkanlarına uyğun hazırlanmış riyazi model əsasında yenidən təhlil ediblər. Nəticələr göstərib ki, daha çox obyekt olan təsvirlər arıların gözü ilə baxdıqda mütləq daha mürəkkəb və ya daha detallı görünmür. Yəni arılar testlərdə uğur qazanmaq üçün yalnız vizual ipuclarından istifadə edə bilməzdilər.
Bu nəticələr arıların vizual mürəkkəbliyə deyil, birbaşa say miqdarına reaksiya verdiyini daha da gücləndirir. Proceedings of the Royal Society B jurnalında dərc olunan araşdırma göstərir ki, heyvanların zəka səviyyəsini qiymətləndirərkən onları insan baxış bucağı ilə deyil, onların öz görmə və qavrama xüsusiyyətləri əsasında öyrənmək çox vacibdir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

