Gundelik.az Mədəniyyət və cəmiyyət Hemofiliya xəstələri normal həyatlarını davam etdirə bilərlər
Mədəniyyət və cəmiyyət Xəbərlər

Hemofiliya xəstələri normal həyatlarını davam etdirə bilərlər

Düzgün müalicə və mütəmadi nəzarət hemofiliya xəstələrinin normal həyata yaxın həyat sürməsinə imkan verir.

Hemofiliya qanın laxtalanmasına cavabdeh olan bəzi zülalların çatışmazlığı və ya azalması nəticəsində yaranan, genetik və ömürboyu davam edən qan xəstəliyidir. Dünyada təxminən 500 min insanın hemofiliyadan əziyyət çəkdiyi bildirilir.

Əsas əlaməti qanaxmadır

Hemofiliyanın ən mühüm əlaməti qanaxmadır. Qanaxmalar daha çox oynaqlarda və əzələlərdə baş verir. Oynaqdaxili qanaxma qəfil şişkinlik və ağrıya səbəb olur. Təkrarlanan qanaxmalar vaxtında müalicə edilmədikdə oynaqlarda ciddi zədələnmələrə, hətta fiziki məhdudiyyətlərə gətirib çıxarır.

Ağır hemofiliyada heç bir travma və ya əməliyyat olmadan belə həyati təhlükəli qanaxmalar baş verir. Yüngül formalarda isə qanaxma əsasən travma, əməliyyat, diş çəkilməsi və digər müdaxilələrdən sonra ortaya çıxır.

Əsasən oğlan uşaqlarında rast gəlinir

Hemofiliya irsi xəstəlikdir və çox vaxt xəstəliyin daşıyıcısı olan anadan oğlan uşağına ötürülür. Ən çox rast gəlinən forma Hemofiliya Adır.

Diaqnoz üçün qan analizləri aparılır, lazım gəldikdə genetik testlərdən də istifadə olunur.

Müalicə imkanları genişlənir

Hemofiliyanın müalicəsində əsas məqsəd çatışmayan laxtalanma faktorunu əvəz etmək və qanaxmaların qarşısını almaqdır. Müalicə damar daxilinə və ya dərialtı tətbiq olunan preparatlarla aparılmalıdır. Son illərdə faktor əvəzedici olmayan müalicələr və gen terapiyası istiqamətində də mühüm inkişaflar əldə edilib.

Mütəxəssislərin fikrincə, müasir müalicə imkanları sayəsində hemofiliya xəstələri normal insanlara yaxın ömür uzunluğuna sahib olur və sosial həyatlarını davam etdirirlər.

Hemofiliya xəstəsi kişinin övladı sağlam ola bilərmi?

Hemofiliya xəstəsi kişinin sağlam qadınla evliliyində oğlan uşağı xəstəliyi atasından almır, qız uşağı isə xəstəliyin daşıyıcısı olur. Buna görə belə kişilərin sağlam övladlarının dünyaya gəlməsi mümkündür.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version