Hüquq-mühafizə orqanlarının əməkdaşları Atlantik okeanında, Portuqaliya sahillərində “qara bazar” dəyəri təqribən 500 milyon avro olan 2.6 tondan çox kokain müsadirə ediblər.
Gundelik.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İtaliyanın sərhəd və gömrük polisinə istinadən məlumat yayıb.
Yerli polisdən bildirilib ki, narkotik vasitələr yüksək sürətli rezin qayıqda aşkarlanıb. Qaçaqmalçılar adətən bu cür qayıqlardan Cənubi Amerikadan gələn iri gəmilərin dənizə atdığı qeyri-qanuni yükləri toplamaq üçün istifadə edirlər.
Qayıqda olan dörd nəfər həbs edilib. Onlardan ikisi İspaniya, biri Cəbəllütariq sakini, digəri isə İtaliyada yaşayan albandır.
Əməliyyatı İspaniya və Portuqaliya birgə həyata keçiriblər. İstintaqın koordinasiyasını isə İtaliyanın şimalındakı Breşiya şəhərinin prokurorluq orqanları icra ediblər.
“Kokainin topdansatış qiyməti təxminən 78 milyon avro olaraq qiymətləndirilir. Təyinat nöqtəsinə çatdırıldıqdan və pərakəndə satış məqsədilə qarışdırıldıqdan sonra bu narkotik maddələr ümumilikdə 500 milyon avroya yaxın gəlir gətirə bilərdi”, – deyə məlumatda vurğulanır.
