Böyük Britaniyada könüllü dalğıclar 700 il əvvəl su altında qalmış Şipden şəhərinin yerləşdiyi ərazidə insan əli ilə hazırlanmış təxminən 25 obyekt aşkarlayıblar.
Gundelik.az xəbər verir ki, bu barədə “Jam Press” məlumat yayıb.
Dalğıclar yerli tarixçinin köməyi ilə su altında qalan ərazini araşdırıblar. Onlar dənizin dibində qorunub qalmış orta əsrlərə aid çaxmaqdaşından hazırlanmış tikililəri fotoşəkillə qeydə alıblar.
Aşkar edilən obyektlər arasında kessonlar da var. Bunlar su üzərində tikinti işləri zamanı bünövrə və ya maneə kimi istifadə edilən iri daş və ya taxta konstruksiyalardır. Tədqiqatçılar onların dənizin irəliləməsinin qarşısını almaq üçün aparılan işlərin bir hissəsi ola biləcəyini ehtimal edirlər.
Şipden vaxtilə Norfolk qraflığının şimal sahilində yerləşən, çiçəklənən orta əsr yaşayış məntəqəsi olub. Lakin XIV əsrdə şəhər tamamilə Şimal dənizinin suları altında qalıb.
Şəhərin yoxa çıxması çoxsaylı əfsanələrin yaranmasına səbəb olub. Onlardan ən məşhuru yerli Müqəddəs Pyotr kilsəsinin qülləsinin su altında, sonradan “Kilsə qayası” (Church Rock) adlandırılan qaya üzərində qorunub qalması ilə bağlıdır. Rəvayətə görə, qalıqları su çəkiləndə görmək, fırtına zamanı isə dənizçiləri təhlükədən xəbərdar edən kilsə zənglərinin səsini eşitmək mümkün olub.
1888-ci ildə “Victoria” adlı ekskursiya paroxodu sualtı qayaya çırpılaraq onun üzərində ilişib qalıb. Sərnişinlər xilas edilsə də, gəmini qayadan çıxarmaq mümkün olmayıb. Daha sonra həm gəmi qalıqları, həm də qaya digər gəmilərə mane olmasın deyə partladılıb.
Müasir sualtı araşdırmalar isə “Kilsə qayası”nın, ehtimal ki, kilsə olmadığını göstərib. Araşdırmaçılar onun orta əsrlərə aid dənizdən müdafiə qurğularının bir hissəsi ola biləcəyini düşünürlər. Bu isə əsrlərdir danışılan köhnə əfsanəni şübhə altına alır.
Daha əvvəl ABŞ-də, Union gölünün dibində “batmış gəmilər şəhəri”nin aşkar edildiyi bildirilmişdi. Orada təxminən 100 gəminin qalıqlarının yerləşdiyi müəyyən olunmuşdu.
Nurəddin Abdullayev
Gundelik.az
