Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanın təbiət ərazilərində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinqlər keçirilib.
Bu barədə Gundelik.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, monitorinqlər respublikanın 55 rayon və şəhərini (Naxçıvan Muxtar Respublikası daxil) əhatə edən 37 təbiət ərazisində, o cümlədən milli parklar, dövlət təbiət qoruqları, ovçuluq təsərrüfatlarında həyata keçirilib.
Tədbirlərdə AQTA-nın, KTN yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, həmçinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin müvafiq ərazi bölmələrinin əməkdaşları iştirak edib.
Monitorinqlər zamanı ümumilikdə 3 223 baş müxtəlif növ vəhşi heyvanın müşahidəsi aparılıb.
Nəticələrə əsasən, xırdabuynuzlu heyvanların taunu, atların və donuzların Afrika taunu, yüksək patogen quş qripi, dabaq və quduzluq xəstəliklərinin mövcudluğunu ehtimal etdirən hər hansı epizootoloji göstərici müəyyən edilməyib. Bu, hədəf xəstəliklər üzrə epizootoloji vəziyyətin sabit olduğunu göstərir.
