Polşa və Finlandiya NATO-nun məqsədlərinə uyğun olaraq təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb Helsinkidə həmkarı, Polşa Prezidenti Karol Navroçki ilə keçirdiyi görüşdən sonra bildirib.
Stubbun sözlərinə görə, iki ölkə arasındakı sıx əməkdaşlıq coğrafi mövqeləri və Rusiya ilə münasibətlərindən qaynaqlanır: “Baltik dənizində yerləşməyimiz və Avropa İttifaqı ilə NATO-nun şərq cinahında mövqeyimiz bizi birləşdirən əsas amillərdəndir. Son illər hər iki ölkə müdafiə sahəsinə böyük sərmayə qoyub və biz bu istiqamətdə dialoqu daha da gücləndirmək niyyətindəyik”.
Polşa Prezidenti Karol Navroçki isə Finlandiyanın Avropada ən yaxşı mülki müdafiə sisteminə malik olduğunu qeyd edərək, ölkəsinin bu təcrübədən öyrənə biləcəyini vurğulayıb.
O, həmçinin Baltik dənizi regionunun Polşa üçün xüsusi əhəmiyyət daşıdığını və Finlandiya ilə əməkdaşlığın bu kontekstdə daha da güclənəcəyini bildirib.
Gundelik.az

