Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkənin Avropa İttifaqından (Aİ) çıxma ehtimalını mümkün hesab etdiyini bildirib.
Gundelik.az xəbər verir ki, bu barədə “Onet” nəşri məlumat yayıb.
Nazirdən Polşanın Aİ-dən çıxmasının real olub-olmadığı soruşulduqda, o, belə bir ssenarini istisna etmədiyini deyib: “Bəli, çünki hər hansı Avropa təşəbbüsünə “yox” deyən siyasətçilərimiz var”.
O, həmçinin xatırladıb ki, Polşanın sabiq prezidenti Anjey Duda vaxtilə enerjiyə qənaət edən lampaların tətbiqinə qarşı çıxmışdı. Halbuki həmin qərar Avropa Şurasında keçmiş dövlət başçısı Lex Kaçinskinin iştirakı ilə təsdiqlənmişdi.
Xatırladaq ki, sentyabrın 12-də Polşa Belarusla sərhəddəki dəmir yolu keçidlərini bağlayıb. Bu addım Çin mallarının Avropaya daşınmasında çətinliklər yaradıb. Ardınca Çinin xarici işlər naziri Vanq Yi Polşaya səfər edərək həmkarı Radoslav Sikorski və ölkə prezidenti Karol Narotski ilə görüşüb. Danışıqlar nəticəsində faydalı qazıntıların hasilatı, elektromobil istehsalı və ixrac nəzarəti sahələrini əhatə edən əməkdaşlıq sazişi imzalanıb.
Qeyd olunur ki, Avropa İttifaqı Çinlə Polşa arasında əldə olunan bu razılaşmadan narahatlıq bildirib.
Gundelik.az

