ABŞ-də penis böyütmə prosedurundan sonra həyatını itirən 36 yaşlı kişinin anası klinikaya və onun təsisçisinə qarşı məhkəmə iddiası qaldırıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Dallas News” nəşri məlumat yayıb.
Texas ştatının Raund-Rok şəhərindən olan Oren Varkoni 2025-ci il sentyabrın 3-də Dallas şəhərində yerləşən AdvancedYou klinikasında penis böyütmə prosedurunun dördüncü seansından bir neçə saat sonra vəfat edib. Həmin gün onun bədəninə hialuron turşusu olan 10 şpris inyeksiya edilib. ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən üz qırışlarının korreksiyası üçün təsdiqlənən bu maddənin intim nahiyədə istifadəsi isə təsdiqlənməyib.
Məhkəmə-tibbi ekspertizanın nəticələrinə görə, ölümə ağciyər emboliyası səbəb olub. İddialara əsasən, dolğu maddəsi qan dövranına daxil olaraq ağciyərlərdəki damarları tıxayıb və nəticədə kişi nəfəs ala bilməyib. Ölüm bədbəxt hadisə kimi təsnif edilib.
İddia AdvancedYou klinikasına, inyeksiyaları şəxsən həyata keçirən təsisçi Uilyam Mura, eləcə də bu prosedur metodunu təbliğ edən PhalloFILL şirkətinə qarşı qaldırılıb.
İddia ərizəsində bildirilir ki, Murun Texas ştatında tibbi fəaliyyətlə məşğul olmaq üçün lisenziyası olmayıb və o, dörd prosedurun hamısını lazımi tibbi nəzarət olmadan həyata keçirib. Bundan əlavə, Varkoni seanslardan birindən sonra şişkinlik, keyimə və düyün yaranmasından şikayət edib. Lakin iddiaya görə, klinikanın təsisçisi bu əlamətləri iynə yerində yaranan şişkinliklə əlaqələndirib və pasiyenti şəxsən müayinə etməyib.
Uilyam Mur isə irəli sürülən ittihamları rədd edir. O, klinikanın məsuliyyətlə və qanun çərçivəsində fəaliyyət göstərdiyini iddia edir.
Daha əvvəl penis böyütmə prosedurundan sonra həyatını itirən britaniyalı bloqer İqho Ubiribonun oğlu atasını müdafiə etmişdi. O, Ubiribonun mikropenisi olduğu barədə yayılan iddiaları təkzib edərək atasına böhtan atıldığını bildirmişdi.
Nuri
Gundelik.az
