Oktyabr 15, 2026
Baku
Dünya Maraqlı Xəbərlər

Ayda olmuş astronavt UNO-ların təbiəti haqqında danışıb

1972-ci ildə Aya səfər etmiş amerikalı astronavt Çarlz Dyuk UNO-ların (naməlum uçan obyektlərin) şeytan tərəfindən göndərilən demonik ruhlar olduğunu bildirib.

Gundelik.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri yazır.

91 yaşlı Dyukun fikrincə, UNO fenomeninin yadplanetlilərlə heç bir əlaqəsi yoxdur. Keçmiş astronavt əmindir ki, səmadakı sirli obyektlər uzaq qalaktikalardan gələn qonaqlar deyil, “sanki Müqəddəs Kitabın səhifələrindən çıxmış” şər qüvvələrdir. Dyuk Yeni Əhdi-Cədiddəki Korinflilərə İkinci Məktubdan sitat gətirərək orada “Şeytanın özünün də nur mələyi cildinə girdiyini” bildirən ifadəyə istinad edib.

O əlavə edib ki, UNO-lar insanları həqiqətdən uzaqlaşdırmaq və onları xəyali yadplanetlilərin axtarışına aludə etmək məqsədi daşıyır. “UNO-lar bizi həqiqətdən yayındırmağa çalışır. Onlar demonik təbiətə malikdirlər”, – deyə Dyuk fikrini yekunlaşdırıb.

Keçmiş astronavt uzun illərdir ki, bu fikrə sadiq olduğunu etiraf edib. Bir dəfə o, hətta bu məsələ ilə bağlı Allahdan ona bir işarə verməsini diləyərək dua edib. Dyukun sözlərinə görə, o, Allahdan xahiş edib ki, UNO-lar haqqında əvvəllər heç vaxt danışmamış dostu səhər yeməyi zamanı bu mövzunu açsın. Ertəsi gün dostu həqiqətən də UNO-lar barədə söhbətə başlayıb və Dyuk bunu öz fikrinin doğruluğuna işarə kimi qəbul edib.

Çarlz Dyuk 1972-ci ildə “Apollon-16” missiyasının tərkibində Aya səfər edib. Daha sonra NASA-dan ayrılıb, 1970-ci illərin sonlarından etibarən isə özünü xristianlığa həsr edib. “Daily Star” nəşrinin yazdığına görə, Dyuk astronavt kimi fəaliyyəti dövründə heç vaxt UNO ilə qarşılaşmadığını həmişə etiraf edib.

Daha əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vens UNO-lara aludə olduğunu və yadplanetliləri demonlar hesab etdiyini etiraf etmişdi. Siyasi şərhçi Benni Consonla müsahibəsində o, ABŞ-nin xüsusi xidmət orqanlarının arxivlərindəki UNO-larla bağlı məxfi məlumatlarla çox maraqlandığını və həqiqəti üzə çıxarmağa çalışacağını bildirib.

Nuri
Gundelik.az