Oktyabr ayında qarpız alarkən rəsmi satış məntəqələrinə üstünlük vermək və yalnız bütöv meyvələr seçmək tövsiyə olunur.
Gundelik.az xəbər verir ki, bu barədə Rusiya Keyfiyyət Sistemi Roskaçestvonun mətbuat xidməti “Lenta.ru” nəşrinə açıqlamasında bildirib.
Mütəxəssislərin sözlərinə görə, oktyabrın ortalarında mağazaların rəflərində qarpızların qalması alıcılar arasında bu meyvələrin ilin bu dövründə nə dərəcədə təhlükəsiz olması ilə bağlı suallar yaradır.
Roskaçestvoda qeyd ediblər ki, payızın ortalarında qarpızların satışda olması bazar üçün adi haldır. Rusiyada açıq sahədə yetişdirilən qarpız və yemişlərin satış mövsümü, bir qayda olaraq, noyabrın əvvəlinə qədər davam edir. Gecyetişən sortların bir hissəsi isti bölgələrdən gətirilir, digər hissəsi isə iqlimi tənzimlənən istixanalarda yetişdirilir.
Mütəxəssislər vurğulayıblar ki, belə meyvələrin keyfiyyəti və təhlükəsizliyi mövsümdən deyil, daşınma, saxlanma və satış şəraitindən asılıdır.
Qarpızları mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədləri olan satıcıların fəaliyyət göstərdiyi mağazalardan, bazarlardan və rəsmi satış məntəqələrindən almaq tövsiyə olunur.
Qeyri-rəsmi satış yerlərində isə belə təminatlar olmaya bilər. Məhsulların mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlər mövcud olmaya, saxlanma və satış şəraitinə lazımi nəzarət edilməyə bilər.
Mütəxəssislər alıcılara qarpız seçərkən onun bütöv olmasına, üzərində çatların, əziklərin və çürümə əlamətlərinin olmamasına diqqət yetirməyi məsləhət görüblər.
Onların sözlərinə görə, meyvənin qabığında zədələr olduqda həmin yerlərdə mikroorqanizmlər sürətlə çoxala bilər ki, bu da bağırsaq infeksiyalarına yoluxma riskini artırır.
Roskaçestvo mütəxəssisləri qarpızı yeməzdən əvvəl axar su altında fırça ilə yaxşıca yumağı, lazım gəldikdə isə qab yuma vasitəsindən istifadə etməyi və daha sonra qurulamağı tövsiyə ediblər.
Mütəxəssislər izah ediblər ki, qarpızın qabığı yetişdirilmədən tutmuş anbarlarda saxlanılmasına qədər bütün mərhələlərdə torpaq və tozla təmasda olur. Buna görə də qabıqda infeksiyalara səbəb olan mikroorqanizmlər qala bilər.
Kəsilmiş qarpız soyuducuda bir sutkadan artıq saxlanılmamalıdır. Meyvədən turş qoxu gəlməyə başlayarsa, onu yemək olmaz.
Beləliklə, mütəxəssislərin qənaətinə görə, oktyabr ayında satılan qarpızlar rəsmi satış məntəqələrindən alındıqda, meyvə bütöv olduqda və saxlanma ilə gigiyena qaydalarına əməl edildikdə istehlak üçün yararlıdır.
Daha əvvəl məlum olmuşdu ki, 2026-cı ilin avqust ayının ortalarına olan məlumata əsasən, Rusiyada yemiş və qarpızın orta pərakəndə satış qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26 və 31 faiz artıb.
Nuri,
Gundelik.az
