Milli Müdafiə naziri Yaşar Güler bildirib ki, Ankarada keçiriləcək NATO Liderlər Zirvəsi yalnız liderlərin görüşü kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bu zirvə NATO-nun dəyişən təhlükəsizlik şəraitinə uyğunlaşmaq iradəsini ortaya qoyacaq və gələcəyə yönəlmiş strateji xəttin formalaşmasında mühüm rol oynayacaq.
Güler NATO Müdafiə Nazirləri Toplantısı üçün olduğu Brüsseldə türk mətbuatına açıqlama verib.
O qeyd edib ki, 7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Liderlər Zirvəsindən əvvəl NATO Müdafiə Nazirləri Toplantısı və Ukrayna Müdafiə Təmas Qrupunun görüşlərində iştirak edib. Bu görüşlərdə NATO-nun çəkindirmə və müdafiə siyasəti, Ukraynaya dəstək və digər təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir həmçinin Türkiyənin NATO daxilində daim ilk 5 ölkə arasında yer aldığını, ittifaqın müdafiə və çəkindirmə gücünə mühüm töhfə verdiyini və 5% müdafiə xərcləri hədəfinə doğru irəliləyişin davam etdiyini bildirib.
Güler hazırda NATO-nun çox mürəkkəb təhlükəsizlik mühiti ilə üz-üzə qaldığını vurğulayaraq deyib ki, ənənəvi təhlükələrdən əlavə, hibrid təhlükələr, kiber hücumlar, terrorizm, enerji təhlükəsizliyi riskləri və regional qeyri-sabitliklər təhlükəsizlik anlayışını dəyişdirir.
O əlavə edib ki, Türkiyə NATO-nun yalnız coğrafi mərkəzlərindən biri deyil, həm də strateji düşüncə və əməliyyat qabiliyyətinin ayrılmaz hissəsidir.
Nazir sözlərinə belə davam edib:
“Ankarada keçirəcəyimiz NATO Zirvəsini yalnız liderlərin görüşü kimi görmürük. Bu zirvənin NATO-nun dəyişən təhlükəsizlik mühitinə uyğunlaşma iradəsini ortaya qoyacaq və gələcək strateji istiqamətini formalaşdıracaq mühüm bir dönüş nöqtəsi olacağını düşünürük.”
Güler Türkiyənin zirvəyə ev sahibliyini ölkənin hərbi töhfələrinin, əməliyyat təcrübəsinin və təhlükəsizlik yaratma qabiliyyətinin təbii nəticəsi kimi qiymətləndirib.
O, Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi effektiv və nəticəyönümlü diplomatiyanın da zirvənin əsas elementlərindən biri olacağını bildirib.
Nazir qeyd edib ki, Türkiyə böhranların həllinə töhfə verən, dialoq kanallarını açıq saxlayan və regional sabitliyi dəstəkləyən yanaşması ilə NATO daxilində xüsusi mövqeyə malikdir.
Güler Türkiyənin məqsədinin NATO-nun birliyini və həmrəyliyini gücləndirmək, Avro-Atlantik təhlükəsizliyə ortaq iradəni vurğulamaq və ittifaqı gələcəyin təhlükələrinə qarşı daha hazır vəziyyətə gətirmək olduğunu deyib.
O əlavə edib ki, Ankarada keçiriləcək zirvə NATO-nun birliyini möhkəmləndirən və ittifaqın gələcəyinə istiqamət verən tarixi bir görüş olacaq.
“Güclü müdafiə sənayesi güclü NATO deməkdir”
Güler bildirib ki, Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlər yalnız milli təhlükəsizliyə deyil, NATO-nun kollektiv müdafiəsinə də töhfə verir.
Onun sözlərinə görə, yerli istehsal sistemlər müttəfiqlərin uyğunluğunu artırır və ittifaqın ümumi çəkindirmə gücünü gücləndirir. “Güclü müdafiə sənayesi güclü çəkindirmə və güclü NATO deməkdir,” – deyə o qeyd edib.
Ankarada keçiriləcək zirvə çərçivəsində Müdafiə Sənayesi Forumunun da müttəfiqlər arasında əməkdaşlığı inkişaf etdirəcəyini bildirib.
Nazir həmçinin NATO üzvü olan üç ölkənin müdafiə nazirlərinin Türkiyə müdafiə sənayesinin inkişafını və əməkdaşlığın artırılmasını xüsusilə vurğuladığını qeyd edib.
Türkiyənin NATO-dakı rolu
Güler bildirib ki, Türkiyə güclü, dayanıqlı və dəyişən təhlükəsizlik mühitinə uyğunlaşa bilən NATO üzvüdür.
O qeyd edib ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malikdir və ittifaqın bütün əsas fəaliyyətlərinə aktiv töhfə verir.
Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizə və sərhəddənkənar əməliyyatlarda qazandığı təcrübə ilə NATO-nun ən hazırlıqlı qüvvələri arasında yer aldığı vurğulanıb.
Nazir əlavə edib ki, Türkiyənin Müttefik Reaksiyon Qüvvələrinin komandanlığını üzərinə götürməsi də ölkənin ittifaqdakı etibarlılığının göstəricisidir.
Qlobal və regional təhlükəsizlik
Güler Rusiyanın-Ukrayna müharibəsinin yalnız iki ölkə arasında deyil, Avropa təhlükəsizlik sistemi, enerji və qlobal ticarətə təsir edən geniş miqyaslı bir böhran olduğunu bildirib.
Türkiyənin bu müharibədə balanslı və prinsipial mövqe tutduğunu, Montrö Konvensiyasını tətbiq edərək Qara dəniz sabitliyinə töhfə verdiyini deyib.
Orta Şərqdəki hadisələrin də NATO təhlükəsizliyi ilə birbaşa bağlı olduğunu vurğulayıb və Türkiyənin dialoq və diplomatiya tərəfdarı olduğunu qeyd edib.
Güler yekunda bildirib ki, Türkiyə NATO təhlükəsizlik arxitekturasının kənarında deyil, mərkəzində yer alan ölkələrdən biridir və gələcəkdə də ittifaqın formalaşmasında əsas rol oynamağa davam edəcək.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

