Sümük əriməsi (osteoporoz) çox vaxt heç bir əlamət vermədən inkişaf edir və adətən yalnız sınıq baş verdikdə aşkar olunur. Hərəkətsiz həyat tərzi, həddindən artıq arıqlıq və bəzi dərmanların uzunmüddətli istifadəsi bu riski ciddi şəkildə artırır. Mütəxəssislər bu “səssiz təhlükəyə” qarşı erkən tədbir görməyin vacibliyini vurğulayır.
“Xalq arasında sümük əriməsi” kimi tanınan osteoporoz, sümüklərin zamanla zəifləyərək kövrək hala düşməsi ilə xarakterizə olunur. Xəstəlik uzun müddət heç bir əlamət göstərmədən irəliləyə bilir və çox vaxt ilk siqnalını sınıqla verir. Xüsusilə onurğa, bud və bilək sümüklərində baş verən sınıqlar ciddi sağlamlıq problemlərinə səbəb olur.
Həddindən artıq arıq olmaq, hərəkətsiz həyat tərzi sürmək və kortizon kimi dərmanları uzun müddət istifadə etmək sümük sağlamlığı üçün ciddi risk yaradır. Mütəxəssislərə görə bu faktorlar zamanla sümüklərin zəifləməsinə və daha tez qırılmasına səbəb olur.
Osteoporoz xüsusilə onurğa, bud və bilək nahiyələrində daha çox rast gəlinir.
Bu barədə danışan mütəxəssis Dr. Esra Tutal xəstəliyin ən təhlükəli tərəfinin uzun müddət heç bir əlamət verməməsi olduğunu bildirir. Bir çox insan problemi yalnız sınıq baş verəndə anlayır. İrəliləmiş mərhələdə isə bel və kürək ağrıları, boyun qısalması və bükülmə (kifoz) kimi əlamətlər ortaya çıxır.
Risk qrupları kifayət qədər genişdir. Yaş artdıqca, qadınlarda, ailəsində sümük sınığı olanlarda və incə bədən quruluşlu insanlarda osteoporoz daha çox görülür. Bundan əlavə, kortizon və bəzi digər dərmanlar, revmatizmal xəstəliklər, xərçəng, böyrək və qaraciyər xəstəlikləri də riski artırır. Siqaret, alkoqol, qeyri-kafi qidalanma və hərəkətsizlik də mühüm amillər sırasındadır.
Sümük sağlamlığında ən kritik dövr 30 yaşa qədər olan müddətdir. Bu dövrdə toplanan sümük kütləsi gələcək yaşlarda sınıq riskini müəyyən edir.
Qarşısını almaq mümkündürmü?
Bəli, mümkündür. Mütəxəssislər aşağıdakı tədbirləri tövsiyə edir:
Protein və kalsiumla zəngin qidalanma
Mütəmadi gəzinti və fiziki aktivlik
Gündəlik 1000–1200 mq kalsium qəbulu
Kalsiumun əsas mənbələri:
süd və süd məhsulları
tünd yaşıl yarpaqlı tərəvəzlər
balıq
soya məhsulları
D vitamini də ən az kalsium qədər vacibdir. Günəşdən alınsa da, bir çox insanda gündəlik 600–800 IU əlavə D vitamini də tələb olunur.
Xüsusilə risk qrupunda olanların və yaşlı insanların mütəmadi sümük ölçümü (densitometriya) etdirməsi erkən diaqnoz üçün çox vacib sayılır.
Mənbə:CNN
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

