Gundelik.az Dünya Marsda sirli izlər aşkarlandı
Dünya Xəbərlər

Marsda sirli izlər aşkarlandı

Marsda fəaliyyət göstərən Curiosity aparatı planetin səthində xarici görünüşcə izlərə bənzəyən qeyri-adi, geniş və dayaz çökəkliklər aşkar edib. Alimlər onların mənşəyini hələlik izah edə bilmirlər.

Gundelik.az xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.

Sirli izlər roverin Qeyl kraterinin üzərində yüksələn Şarp dağını tədqiq etdiyi zaman aşkarlanıb. Curiosity 2012-ci ildən Marsda fəaliyyət göstərir və alimləri çaşdıran müxtəlif obyektləri aşkar etməkdə davam edir.

Marsda kiçik çökəklik və dəliklərə rast gəlmək qeyri-adi deyil. Onlar adətən süxurların daxilində olan bərk konkresiyaların və ya çınqılların zamanla aşınması nəticəsində yaranır və geridə boşluqlar qalır.

Lakin yeni aşkar edilən izlər əvvəllər müşahidə olunan çökəkliklərdən daha geniş və dayazdır. Tədqiqatçılar onların yaranmasına səbəb ola biləcək hər hansı aşkar obyekt də müəyyən edə bilməyiblər.

Missiya komandası çökəkliklərin müxtəlif bucaqlardan görüntülərini əldə etmək və onların quruluşunun üçölçülü modellərini hazırlamaq üçün roverin kameralarından və digər cihazlarından istifadə edib.

Alimlər bunun həqiqi ayaq izləri olduğunu düşünmürlər. Bununla belə, bu qeyri-adi formasiyalar Şarp dağının həmin hissəsini formalaşdıran geoloji proseslər haqqında yeni ipucu verə bilər.

Marsda əvvəllər də ictimaiyyət tərəfindən göbələk və digər qeyri-adi formalara bənzədilən obyektlər aşkar edilib. Lakin sonradan onların təbii geoloji proseslər nəticəsində yarandığı müəyyənləşdirilib.

Daha əvvəl isə Marsda “havada uçan meduza”ya bənzəyən qəribə obyektin Curiosity aparatının arxiv görüntüsündə qeydə alındığı bildirilmişdi. Qeyri-adi görüntünün 20 avqust 2023-cü ildə Marsda çəkildiyi və obyektin kosmik şüaların təsiri nəticəsində görüntüdə yaranmış artefakt ola biləcəyi ehtimal edilmişdi.

Nurəddin Abdullayev
Gundelik.az

Exit mobile version