Gundelik.az Ölkə Aqrar Sığorta Fondu bölgələrdəki mütəxəssisləri sərfəli şərtlərlə əməkdaşlığa dəvət edir – ŞƏRTLƏR
Ölkə Xəbərlər

Aqrar Sığorta Fondu bölgələrdəki mütəxəssisləri sərfəli şərtlərlə əməkdaşlığa dəvət edir – ŞƏRTLƏR

Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizminin əhatə dairəsi genişlənməkdə, bu sistemdən faydalanan fermerlərin sayı çoxalmaqdadır.

Gundelik.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı»na əsasən, qarşıdakı illərdə aqrar sığortanın əhatə dairəsinin daha da genişləndirilməsi və göstərilən xidmətlərin artırılması planlaşdırılır.

Belə ki, Proqramda nəzərdə tutulan hədəflərə əsasən, ölkə ərazisində sığortalanan əkin sahələrinin indiki 386 min hektardan 1 milyon hektara, sığortalanmış kənd təsərrüfatı heyvanlarının sayının isə indiki 6,9 min başdan 100 min başa çatdırılması nəzərdə tutulur.

Bu hədəflərə uyğun olaraq, eləcə də təbiət hadisələrinin tezliyi və təsirləri artdığına görə, aqrar sığorta ekspertlərinə tələbat da sürətlə artır. Bu tələbatı qarşılamaq məqsədilə Aqrar Sığorta Fondu tərəfindən davamlı şəkildə ekspert təlimləri həyata keçirilir.

Müstəqil aqrar sığorta eksperti nə edir?

Müstəqil aqrar sığorta ekspertləri aqrar sığorta sistemində mühüm rola malikdirlər.

Ekspertlər sığortalanmaq istəyən təsərrüfatlara sığortadan əvvəlki baxış keçirir, eləcə də hadisə baş vermiş təsərrüfatlarda hadisəni araşdırır və zərərləri hesablayırlar. Fermerlərlə müqavilə bağlanması və hadisə baş verdiyi halda zərər ödənişlərinin hesablanması məhz aqrar sığorta ekspertlərinin rəyi əsasında həyata keçirilir.

Müstəqil aqrar sığorta ekspertinin gəlirləri

Aqrar sığorta eksperti fəaliyyəti ödənişli xidmətdir. Aqrar Sığorta Fondu ilə ekspertlər arasında imzalanan xidməti müqaviləyə əsasən, yerinə yetirilən işlər müqabilində ekspertlərə xidmət haqqı ödənilir.

Aqrar sığorta ekspertlərinin xidmət haqları fəaliyyət növündən, müqavilə sayından, ərazinin sahəsindən asılı olaraq dəyişir.

Belə ki, müəyyən edilmiş tariflərə əsasən, bitkiçilik sığortasında risk dəyərləndirməsi zamanı 1 müqavilə üzrə ekspertin xidmət haqqı 42 manatdan, zərər dəyərləndirməsi zamanı bir müqavilə üzrə 67,2 manatdan başlayır.

Eyni gündə baş verən sonrakı müqavilələr üzrə xidmət haqları nisbətən aşağı enir.

Ekspert risk qiymətləndirməsi aparırsa, 1-ci müqavilə üzrə 42 manat, 2-ci müqavilə üzrə 26 manat, sonrakı müqavilələr üzrə hər müqaviləyə görə 21 manat xidmət haqqı hesablanır.

Ekspert zərər hadisəsini araşdırırsa, ona 1-ci müqavilə üzrə 67 manat, 2-9-cu müqavilələr üzrə hər müqaviləyə görə 27 manat və sair ödəniş edilir.

Ümumilikdə, zərər qiymətləndirməsi üzrə ekspertin gündəlik gəlir limiti 500 manata yaxındır. Zərərin qiymətləndirilməsi aparılan əkin sahəsində söhbət sahəsi 100 hektardan artıq olan parsellərdən gedirsə, ödəniş bir qədər də artıq olur.

Ekspertin gəlirləri üçün əlavə üstünlüklər

Bayram və hüzn günlərində müstəqil ekspertlərə ödənilən xidmət haqqı 50% artımla, işğaldan azad edilmiş ərazilərdə isə ekspertlərə ödənilən xidmət haqqı 2 qat artımla hesablanır.

Bundan əlavə, aqrar sığorta ekspertlərinə xidmət məntəqəsinə çatmaq üçün yol pulu (hər 100 kilometrə 34 manat olmaqla) və tələbat yarandıqda otel xərci də ödənilir.

Nəticədə aktiv fəaliyyət göstərən müstəqil aqrar sığorta ekspertlərinin orta aylıq gəliri 1000-1500 manatdan başlayır, ekspertin peşəkarlığından və aktivliyindən asılı olaraq bu məbləğ bir neçə min manata qədər arta bilir.

Kimlər aqrar sığorta eksperti ola bilər?

Nazirlər Kabinetinin 04 oktyabr 2022-ci il tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən, peşə məktəbləri, kolleclər, bakalavr və magistr dərəcəsində müvafiq ixtisaslarda təhsil almış şəxslər aqrar sığorta eksperti ola bilərlər.

Həmin ixtisasların sayı təqribən 70-ə yaxındır və siyahısı əlavə edilir.

Necə aqrar sığorta eksperti olmaq mümkündür?

Qanunvericiliyə əsasən, sözügedən ixtisaslara sahib olan şəxslər aqrar sığorta eksperti olmaq üçün Aqrar Sığorta Fonduna müraciət edərək təlimlər üçün qeydiyyatdan keçməlidirlər.

Təlim prosesində nəzərdə tutulan qaydada iştirak edən ekspertlər Dövlət İmtahan Mərkəzinin (DİM) elan etdiyi imtahana qatılmalıdırlar. İmtahanı uğurla başa vuran (60% xal toplayan) namizədlərə 5 illik sertifikat verilir, onların adı Mərkəzi Bankın Reyestrinə daxil edilir və Aqrar Sığorta Fondu ilə xidməti müqavilə bağlayaraq aqrar sığorta eksperti fəaliyyətinə başlayırlar.

Növbəti təlimlər nə vaxt başlayır?

Hazırda Aqrar Sığorta Fondu tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün növbəti təlimlərə qeydiyyat davam edir.

Təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədləri 2026-cı il oktyabrın 11-dək qəbul ediləcək, təlimlər 2026-cı il 17-24 oktyabr tarixlərində, Aqrar Sığorta Fondunun inzibati binasında – Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında təşkil ediləcək.

Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 çağrı mərkəzi (və ya 055 500 84 23 nömrəsi) ilə əlaqə saxlamaq, məlumatları career@asf.gov.az elektron poçt ünvanına göndərmək lazımdır.

Exit mobile version