İyul 22, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Mütəxəssislər xəbərdarlıq edir: Bu təmizlik vasitələrini əsla qarışdırmayın

Evləri mikroblardan təmizləmək üçün istifadə olunan təmizlik vasitələri yanlış və həddindən artıq istifadə edildikdə ciddi sağlamlıq problemlərinə səbəb olur. Xüsusilə sprey şəklində olan təmizləyicilər və qapalı məkanlarda istifadə edilən kimyəvi tərkibli məhsullar tənəffüs yollarını qıcıqlandıraraq ağciyər funksiyalarına mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, xlorlu ağardıcının (çamaşır suyunun) duz ruhu və ya ammonyak tərkibli vasitələrlə qarışdırılması həyati təhlükə yaradan zəhərli qazların əmələ gəlməsinə səbəb olur.

Təmiz və xoş qoxulu ev sağlam həyatın göstəricisi sayılsa da, gündəlik istifadə olunan bəzi təmizlik məhsulları fərqinə varmadan tənəffüs yolları və ağciyərlər üçün ciddi risk yaradır.

Həkim Demet Erciyes bu mövzu ilə bağlı yazısında evlərdəki görünməyən təhlükələrə diqqət çəkib.

Kimyəvi maddələr görünməyən təhlükə yaradır

Səth təmizləyiciləri, xlorlu ağardıcılar, yağ təmizləyiciləri, hamam vasitələri və hava təravətləndiriciləri mikrobları məhv etmək üçün güclü kimyəvi maddələrdən hazırlanır. Bu məhsulların tərkibində olan uçucu üzvi birləşmələr, ammonyak, xlor əsaslı maddələr və sintetik ətirlər istifadə zamanı havaya yayılaraq nəfəs vasitəsilə orqanizmə daxil olur.

Xüsusilə yaxşı havalandırılmayan qapalı məkanlarda bu maddələrin uzun müddət nəfəsə çəkilməsi ağciyərlərdə və tənəffüs yollarında qıcıqlanmaya səbəb olur.

Araşdırmalar göstərir ki, bu kimyəvi maddələrə uzun illər müntəzəm məruz qalmaq hətta siqaret çəkməyən insanlarda da ağciyər funksiyalarının zəifləməsinə gətirib çıxarır. Nəticədə astma riski artır, xroniki öskürək, nəfəs darlığı, xırıltılı tənəffüs, bronxların həssaslığı, allergik rinit, göz və dəri qıcıqlanması kimi problemlər yaranır.

Sprey təmizləyicilər daha risklidir

Mütəxəssislər xüsusilə sprey formasında olan təmizləyicilərin daha təhlükəli olduğunu vurğulayırlar. Çünki püskürdülən xırda kimyəvi hissəciklər havada uzun müddət qalaraq asanlıqla ağciyərlərə çatır.

Bir çox insan güclü ətir qoxusunu təmizliyin göstəricisi hesab etsə də, bu qoxuların əksəriyyəti sintetik maddələrdən ibarətdir. Bu maddələr bəzi insanlarda baş ağrısı, boğaz qıcıqlanması, nəfəs almaqda çətinlik və allergik reaksiyalar yaradır. Astma xəstələri, uşaqlar, yaşlılar və allergiyaya meyilli şəxslər bu təsirlərə qarşı daha həssasdır.

Təmizlik vasitələrini qarışdırmaq olmaz

Ən böyük təhlükələrdən biri müxtəlif təmizlik vasitələrinin birlikdə istifadə edilməsidir.

Xüsusilə xlorlu ağardıcının duz ruhu və ya ammonyak tərkibli məhsullarla qarışdırılması nəticəsində yaranan zəhərli qazlar bir neçə dəqiqə ərzində ciddi tənəffüs problemlərinə, ağciyər zədələnməsinə və hətta həyati təhlükə yaradan zəhərlənmələrə səbəb olur.

Bu səbəbdən istehsalçı tərəfindən xüsusi göstəriş verilmədiyi müddətdə heç bir təmizlik vasitəsi digər kimyəvi məhsulla qarışdırılmamalıdır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az