İyul 15, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Müasir həyatın səssiz problemi: Yuxusuzluq

Yuxusuzluq təkcə gecələri deyil, bütün günü təsir altına alan ciddi bir problemdir. Keyfiyyətsiz yuxu yorğunluq, unutqanlıq və motivasiya azalmasına səbəb olur, uzunmüddətli dövrdə isə müxtəlif sağlamlıq problemlərinin yaranma riskini artırır.

Gecələr tavana baxaraq saatlarla oyaq qalan, yuxuya getməkdə çətinlik çəkən milyonlarla insan “Niyə yata bilmirəm?” sualına cavab axtarır. Mütəxəssislərin fikrincə, bunun səbəbi təkcə stress deyil. Texnologiyadan həddindən artıq istifadə, nizamsız həyat tərzi və bəzi yanlış vərdişlər də yuxu keyfiyyətini ciddi şəkildə pozur.

Mərmərə Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanasının Nevrologiya kafedrasının müəllimi, professor Kadriyə Ağan bildirir ki, beynin və digər orqanların normal fəaliyyəti üçün gündə orta hesabla 7–8 saat keyfiyyətli yuxu vacibdir. Onun sözlərinə görə, son yüz ildə insanların orta yuxu müddəti 9 saatdan 6,8 saata enib və bu da orqanizmin bərpa proseslərinə mənfi təsir göstərir.

Yuxusuzluq nə vaxt xəstəlik sayılır?

Professor Ağanın sözlərinə görə, aşağıdakı hallardan biri varsa, bu artıq yuxusuzluq əlaməti hesab olunur:

yuxu müddətinin qısa olması;

yuxuya getməkdə çətinlik;

yuxuya getsə də, onu davam etdirə bilməmək.

Amerika Yuxu Təbabəti Akademiyasının meyarlarına əsasən, bu şikayətlər həftədə ən azı 3 dəfə və 3 ay davam edərsə, “insomniya” (xroniki yuxusuzluq) diaqnozu qoyulur. Dünyada insanların təxminən 30 faizi yuxusuzluqdan əziyyət çəkir, onların təxminən 10 faizinin isə müalicəyə ehtiyacı olur. Problem xüsusilə qadınlarda və yaşlı insanlarda daha çox müşahidə edilir.

Yuxusuzluğun səbəbləri

Yuxusuzluğun yaranmasına bir çox amil təsir edə bilər:

onkoloji xəstəliklər;

endokrin pozğunluqlar;

həzm sistemi və ürək-damar xəstəlikləri;

psixi sağlamlıq problemləri;

nevroloji xəstəliklər (Parkinson, demensiya, epilepsiya);

növbəli iş rejimi.

Mütəxəssis qeyd edir ki, epilepsiyada yuxusuzluq həm qıcolmaları tətikləyir, həm də qıcolmalar səbəbindən yuxu pozulur.

Yuxu gigiyenasına əməl etmək vacibdir

Yuxusuzluq insanın gündəlik həyat keyfiyyətini aşağı salır. O, iş və sosial fəaliyyəti zəiflədir, diqqət və yaddaşı azaldır, depressiv əlamətlərin ortaya çıxmasına səbəb olur.

Professor Kadriyə Ağan keyfiyyətli yuxu üçün aşağıdakı tövsiyələri verir:

Yataq otağını yalnız yatmaq üçün istifadə edin.

Otaqda televizor və kompüter saxlamayın.

Yataqda yemək yeməyin və televiziya izləməyin.

Hər gün eyni saatlarda yatmağa çalışın.

Otaq sakit, qaranlıq və uyğun temperaturda olsun.

Yatmazdan əvvəl ağır yemək qəbul etməyin.

Kofein və gündüz yuxusuna diqqət

Yuxu problemi yaşayan şəxslərə tövsiyə olunur ki:

günortadan sonra qəhvə, çay və digər kofeinli içkilərdən uzaq dursunlar;

yatmazdan əvvəl ilıq duş qəbul etsinlər;

rahatlaşdırıcı musiqi dinləsinlər və ya kitab oxusunlar;

gündüz yatacaqlarsa, bu müddət 20 dəqiqədən çox olmasın.

Əgər bu tədbirlərə baxmayaraq yuxusuzluq davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır. Müalicə yuxusuzluğun əsas səbəbi müəyyən edildikdən sonra fərdi şəkildə planlaşdırılır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az