İyul 15, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Eşitmənizi gələcək üçün necə qoruya bilərsiniz?

Eşitmə qabiliyyətinin zəifləməsi təkcə raket buraxılışları və ya yüksək səsli rok konsertləri ilə əlaqəli deyil. Hər gün etdiyimiz bir çox adi fəaliyyət də qulaqlara zərər verir. Mütəxəssislər bildirirlər ki, eşitmə itirildikdən sonra onu bərpa etmək mümkün deyil. Buna görə də qulaqları qorumaq ən doğru yanaşmadır.

Əzələləri məşqlə yenidən gücləndirmək mümkündür, lakin eşitmə qabiliyyəti üçün bu keçərli deyil. ABŞ-ın Klivlend Klinikasının audioloqu Valeri Pavloviç Raff deyir: “Bir dəfə itirildisə, artıq geri qaytarmaq olmur.”

Audioloqlar son illərdə eşitmə problemlərinin daha gənc yaşlarda, hətta yeniyetmələr və 10 yaşdan kiçik uşaqlarda da artdığını müşahidə edirlər. Mayo Klinikasının audioloqu Ceymi Boql qeyd edir ki, gənclikdə qulaqlara dəyən zərər illər sonra özünü göstərir.

Eşitmə necə işləyir?

Qulağın daxili hissəsində yerləşən ilbizvari orqan (koklea) minlərlə çox incə tük hüceyrəsindən ibarətdir. Səs dalğaları bu hüceyrələri hərəkətə gətirir və onlar səsi beyinə ötürülən elektrik siqnallarına çevirirlər.

Yüksək səsə uzun müddət məruz qalmaq bu həssas hüceyrələri zədələyir və ya məhv edir. Bu hüceyrələr doğulduğumuz andan etibarən sahib olduğumuz yeganə hüceyrələrdir və yenidən yaranmırlar. Buna görə də onların zədələnməsi daimi eşitmə itkisi ilə nəticələnir.

Alimlər gələcəkdə bu hüceyrələri bərpa edə biləcək gen terapiyaları üzərində işləsələr də, hazırda ən yaxşı üsul qulaqları qorumaqdır.

Konsertlər və qulaqlıqlarla musiqi dinləmək

Canlı musiqi konsertlərində səs səviyyəsi adətən təhlükəli həddə olur. Mütəxəssislərin sözlərinə görə, belə mühitdə qulaqlar cəmi 10–15 dəqiqədən sonra zədələnməyə başlayır.

Konsertə gedərkən adi köpük tıxacları əvəzinə səs keyfiyyətini pozmadan səsi azaldan xüsusi “high-fidelity” qulaq tıxaclarından istifadə etmək tövsiyə olunur.

Eyni risk stadionlarda keçirilən idman yarışlarında da mövcuddur. Maraqlıdır ki, valideynlər çox vaxt uşaqlarına qulaq qoruyucusu taxdıqları halda, öz qulaqlarını qorumağı unudurlar.

Bununla yanaşı, mütəxəssislər bildirirlər ki, ən böyük təhlükə gündəlik istifadə etdiyimiz qulaqlıqlardır. Araşdırmalar göstərir ki, yüksək səs səviyyəsində uzun müddət qulaqcıqdan istifadə uşaqlarda və yeniyetmələrdə erkən eşitmə itkisinə səbəb olur.

Təxmin edilir ki, 35 yaşdan aşağı 1,35 milyard insan yüksək səsli musiqi və şəxsi audio cihazlardan istifadə səbəbindən vaxtından əvvəl eşitmə itkisi riski daşıyır.

Mütəxəssislər belə bir sadə qaydanı tövsiyə edirlər: qulaqcıq taxarkən yaxınınızdakı insanla normal danışa bilirsinizsə, səs təhlükəsiz səviyyədədir. Əgər qarşınızdakı şəxs qışqırmalı olur və ya onu ümumiyyətlə eşitmirsinizsə, səs çox yüksəkdir.

Bağ işləri və ev təmiri də risk yaradır

Otbiçən, yarpaq üfürən, mişar və digər elektrik alətləri də yüksək səs yaradır. Bu işlər zamanı qulaq tıxacları, səskeçirməyən qulaqcıqlar və ya hər ikisinin birlikdə istifadəsi tövsiyə edilir.

Əgər həmin vaxt musiqi və ya podkast dinləmək istəyirsinizsə, səsboğucu (noise-cancelling) qulaqcıqlardan istifadə etmək daha təhlükəsiz hesab olunur.

Avtomobildə açıq pəncərə ilə sürmək də zərər verir

Magistral yolda avtomobilin pəncərəsini açıq saxlamaq qulaqlara düşündüyünüzdən daha çox zərər verir. Güclü külək səsi eşitmə qabiliyyətinə mənfi təsir göstərir. Üstəlik, insanlar küləyin səsini örtmək üçün radionun səsini də artırırlar ki, bu da riski ikiqat artırır.

Motosiklet sürən şəxslərə isə həm mühərrik səsini azaltmaq, həm də ətrafdakı vacib siqnalları eşidə bilmək üçün xüsusi musiqiçilər üçün nəzərdə tutulmuş qulaq tıxaclarından istifadə etmələri tövsiyə olunur.

Qulaq tıxaclarından həddindən artıq istifadə də düzgün deyil

Qulaq özü-özünü təmizləyən orqandır. Qulaq kiri qulaq kanalını qoruyur, nəmləndirir və bakteriyaların təmizlənməsinə kömək edir.

Pambıq çöpləri və ya qulaq tıxaclarının həddindən artıq istifadəsi qulaq kirini daha dərinə itələyir. Bu isə eşitmənin zəifləməsinə, qaşınmaya, təzyiq hissinə və infeksiyalara səbəb olur.

Əgər qulaq kiri toplandığından şübhələnirsinizsə, onu özünüz təmizləməyə çalışmaq əvəzinə həkim və ya audioloqa müraciət etmək daha təhlükəsizdir.

Nə vaxt müayinədən keçmək lazımdır?

Mütəxəssislər bildirirlər ki, eşitmə problemi yalnız yaşlı insanlarda yaranmır. Səs-küylü mühitdə söhbəti izləməkdə çətinlik çəkirsinizsə və ya qulaqlarınızda davamlı cingilti (tinnitus) hiss edirsinizsə, gecikmədən eşitmə müayinəsindən keçmək məsləhətdir.

Valeri Pavloviç Raffın sözlərinə görə, eşitmə itkisi çox vaxt məhz qulaqda cingilti ilə başlayır. Buna görə də yüksək səsə məruz qaldıqdan sonra qulaqlarda cingilti yaranarsa, audioloqa müraciət etmək vacibdir.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az