Qəhvəsini şəkərsiz içmək istəyənlərin son dövrlərdə üstünlük verdiyi üsullardan biri də ona darçın əlavə etməkdir. Bir çimdik darçın qəhvənin sərt və acı dadını yumşaldır, təbii ətri ilə isə fərqli içim təcrübəsi yaradır. Bəs qəhvəyə darçın əlavə etdikdə nə baş verir?
Qəhvə sevənlərin kiçik toxunuşlarla içkinin dadını dəyişmək axtarışı davam edir. Son illərdə xüsusilə şəkər qəbulunu azaltmaq istəyənlər qəhvələrinə darçın əlavə etməyə üstünlük verirlər. Darçın qəhvəyə yalnız xoş qoxu və ətir verməklə kifayətlənmir, həm də onun kəskin dadını balanslaşdıraraq daha yumşaq içim təmin edir.
Xüsusilə türk qəhvəsi kimi intensiv aromaya malik içkilərdə istifadə olunan darçın qəhvənin sərtliyini azaldır. Qəhvənin özünəməxsus ətrini ört-basdır etmədən daha balanslı və yüngül, bir qədər şirin dad yaradır. Bu üsul bəzi insanların qəhvələrinə şəkər əlavə etmək ehtiyacını azaltmasına kömək edir.
Darçının təbii aroması qəhvədə şirinlik hissi yaradır və əlavə kalori qəbulunu azaltmağa kömək edir. Qəhvəni sadə içməyə alışa bilməyən, lakin şəkər qəbulunu azaltmaq istəyənlər üçün darçın praktik seçim hesab olunur. Xüsusilə pəhriz saxlayan və ya gündəlik şəkər qəbuluna diqqət edən insanlar qəhvənin acılığını balanslaşdırmaq üçün bir çimdik darçından istifadə edirlər.
Darçın və qəhvənin birləşməsi yalnız dad baxımından deyil, qoxu baxımından da fərqli təcrübə yaradır. Qəhvənin güclü ətri darçının isti və ədviyyəli aroması ilə birləşərək daha zəngin içim zövqü verir. Xüsusilə filtr qəhvə və espresso növlərində darçın qəhvənin müxtəlif aroma notlarını daha aydın hiss etdirməyə kömək edir.
Darçını qəhvəyə necə əlavə etmək olar?
Türk qəhvəsində: Qəhvə bişirilməzdən əvvəl cezvəyə az miqdarda darçın əlavə etmək olar.
Filtr qəhvədə: Qəhvə hazırlanmazdan əvvəl darçını qəhvə ilə birlikdə filtrə əlavə etmək mümkündür.
Hazır qəhvədə: Qəhvə hazır olduqdan sonra üzərinə çox az miqdarda darçın səpmək olar.
Darçın çubuğu ilə: Yüngül aroma əldə etmək üçün darçın çubuğunu qəhvənin içində qısa müddət saxlamaq olar.
Mütəxəssislər darçının çox miqdarda qəbul edilməsindən çəkinməyi və ölçülü istifadə etməyi tövsiyə edirlər. Qəhvənin dadını dəyişmək üçün bir çimdik darçın kifayət edir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
