Onun ixtiraçısı radar mühəndisi idi. Bütün dünyada mətbəxlərə daxil olaraq milyonlarla satılsa da, bu ixtira ona demək olar ki, heç bir gəlir gətirmədi. Bəs mətbəximizin ən böyük köməkçilərindən biri olan mikrodalğalı sobanın İkinci Dünya müharibəsi zamanı təsadüfən kəşf edildiyini bilirdinizmi?
Bu gün sağlamlıq üçün təhlükəli olduğu ilə bağlı müxtəlif iddialar səslənsə də, bir çox insan məhdud vaxtda yeməyini qızdırmaq üçün mikrodalğalı sobalardan istifadə edir.
Mikrodalğalı sobanın kəşfi demək olar ki, tamamilə təsadüf nəticəsində baş verib. Hətta bu cihazın ixtirasına səbəb olan hadisənin mühəndisin cibindəki şokoladın əriməsi olduğunu desək, inanardınızmı?
Mikrodalğalar qidaları praktik şəkildə bişirməyə və qızdırmağa imkan verən mikrodalğalı sobalarda istifadə olunur. Bu cihazların əsas hissəsi maqnetron adlanan qurğudur. Maqnetron mikrodalğa yaradır. Bu dalğalar metal boru vasitəsilə sobanın içərisinə ötürülür. Sobanın yuxarı hissəsində yerləşən fırlanan mexanizm mikrodalğaların kameranın hər tərəfinə bərabər yayılmasına kömək edir.
Mikrodalğalar qidanın tərkibindəki su molekulları tərəfindən udulur və həmin molekullar daha sürətlə hərəkət etməyə başlayır. Su molekullarının mikrodalğalardan aldığı enerji nəticəsində qidanın temperaturu yüksəlir. Bundan əlavə, qidanın qoyulduğu boşqabın fırlanması onun hər tərəfinin mümkün qədər bərabər qızmasına şərait yaradır.
Şokoladın əriməsi ilə həyatımız dəyişdi
Mikrodalğalı sobanın ixtirası İkinci Dünya müharibəsi zamanı ABŞ-ın radar sistemləri üzərində apardığı işlərlə tanınan amerikalı mühəndis Persi Spenserin yaşadığı real təsadüfə dayanır.
1945-ci ildə düşmən təyyarələrini aşkar etmək üçün radarlar hazırlamaq məqsədilə mikrodalğalar üzərində təcrübələr aparan Spenser maqnetronla işləyərkən cibindəki şokoladın əridiyini fərq edir.
Bundan sonra məsələni araşdırmağa başlayan Spenser müxtəlif qidaları cihazın yanına qoyaraq onların mikrodalğalara reaksiyasını yoxlayır. Beləliklə, mikrodalğaların qidalar üzərində təsirli olduğunu müəyyən edir.
Əvvəlcə qarğıdalını sınaqdan keçirir və onun partladığını görür. Daha sonra çaydanın üzərində yumurta yerləşdirərək maqnetronun yaratdığı mikrodalğaları yumurtaya yönəldir. Gözlənildiyi kimi, yumurta da partlayır. Üstəlik, təcrübəni yaxından izləyən köməkçisinin üzünə doğru.
Beləliklə, mikrodalğaların qidaları çox qısa müddətdə qızdırıb bişirə bildiyi məlum olur.
Spenser təcrübələrin təhlükəsini azaltmaq üçün mikrodalğaların yayılmasının qarşısını alan metal qutu hazırlayır. Daha sonra həmin qutunun içərisinə yüksək miqdarda mikrodalğa göndərməyə başlayır.
İxtiraçı cəmi 2 dollar qazandı
Spenser mikrodalğaların ətrafa yayılmasının qarşısını alan bu konstruksiya ilə tarixdəki ilk mikrodalğalı sobanı yaratmış oldu. O, cihazı “elektron soba” adlandırdı.
İlk mikrodalğalı soba təxminən 180 santimetr hündürlüyündə, 340 kiloqram ağırlığında idi və 5 min dollar dəyərindəydi.
Spenser 1950-ci ildə mikrodalğalı sobaya patent aldı. İlk mikrodalğalı sobanı isə 1947-ci ildə Radarange adı ilə Raytheon şirkəti istehsal etdi.
Radar sistemləri ilə məşğul olan Raytheon bu məhsuldan böyük gəlir əldə etdi. Spenser isə ixtirasından cəmi 2 dollar qazandı.
İlk mikrodalğalı soba nüvə enerjisi ilə işləyən sərnişin və yük gəmisində istifadə edildi.
Daha ucuz və daha kiçik
1967-ci ildə mikrodalğalı sobalar ev mətbəxlərində istifadə üçün daha ucuz və daha kiçik ölçüdə istehsal olunmağa başladı.
1970-ci ildə 40 min ədəd satılan bu cihazların satışı 1975-ci ilə qədər 1 milyona çatdı.
Spenser inkişaf etdirdiyi cihazdan demək olar ki, heç bir maddi gəlir əldə etmədi. Sənaye məqsədilə hazırlanan nəhəng qurğu isə zaman keçdikcə demək olar ki, hər evin mətbəxində istifadə olunan kiçik məişət cihazına çevrildi.
Texnologiya inkişaf etdikcə mikrodalğalı sobalara maraq da artdı. Bu gün istifadə etdiyimiz mikrodalğalı sobalar daha kiçik ölçüləri, müxtəlif qidalar üçün uyğunlaşdırılan rejimləri və sürətli qızdırma imkanları ilə bir çox insanın gündəlik həyatını asanlaşdırır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
