Sentyabr 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Uşaqların daxili səsi: Özlərinə nə deyirlər?

Uşaqların daxili səsi onların gələcəkdə özlərini necə qəbul edəcəklərini formalaşdırır. Bəs onlar özlərinə nə zaman “Mən kifayət qədər yaxşıyam”, nə zaman isə “Mən yetərsizəm” deyirlər?

“Bunu necə bacarmadın?” və ya “Bunu səndən heç gözləməzdim…”

Böyüklər üçün adi reaksiya kimi görünən bu sözlər uşağın zehnində daha dərin iz buraxır. Uşaqlar eşitdikləri bu ifadələrin təsiri ilə bəzən özlərinə “Mən yetərsizəm, uğursuzam”, bəzən də “Səhv etdim, amma bunu düzəldə bilərəm” deyirlər.

Uşaqların daxili dünyası onların özünəinamından stressin öhdəsindən gəlmək bacarığına qədər bir çox sahədə qalıcı izlər buraxır.

Bəs uşaq imtahandan aşağı qiymət aldıqda “Mən onsuz da heç nəyi bacarmıram” deyirsə, bu mənfi daxili səsin toxumlarını kim əkir? Bəlkə müəllimin “Daha diqqətli olmalısan” kimi ilk baxışda günahsız görünən xəbərdarlığı, yaxud valideynlərin gözləntilərlə dolu baxışları?

Uşaqların daxili səsinin əhəmiyyətini Klinik Psixoloq, professor Gülsen Erdenlə müzakirə etdik.

Erkən uşaqlıq dövrü və məktəb yaşı daxili səslərin formalaşması üçün mühüm mərhələlərdir.

Mənfi daxili səsin izləri

Prof. Gülsen Erdenin sözlərinə görə, uşağın daxili səsi onun yaşadıqları, hiss etdikləri və ətrafından aldığı reaksiyalarla formalaşır. Mənfi daxili səslər zaman keçdikcə uşağın özünəinamına, sosial münasibətlərinə və hətta akademik uğurlarına təsir göstərir.

Erden bildirir ki, uşaqlar da böyüklər kimi yaşadıqları, gördükləri, eşitdikləri və ən əsası hiss etdikləri hadisələrdən özləri üçün nəticə çıxarırlar. Bu prosesdə formalaşan daxili səslər həm müsbət, həm də mənfi olur.

Uşaq “Mən bacara bilərəm”, “Hamı məni sevir”, “Mən xoşbəxtəm”, “Səhv edə bilərəm”, “Mən yaxşı rəsm çəkirəm” kimi müsbət daxili səslərə sahib olur.

Lakin bunun əksinə olaraq, “Bu mənim günahımdır”, “Mən yaxşı uşaq deyiləm”, “Mən uğursuzam”, “Bunu etməsəm, məni sevməzlər”, “Bunu etsəm, anam-atam məni sevər” kimi mənfi düşüncələr də formalaşır.

Uşaqların mənfi daxili səsə sahib olmasının arxasında çox vaxt valideynlərin və ya müəllimlərin fərqinə varmadan söylədikləri sözlər dayanır.

Məsələn, “Bunu səndən gözləməzdim”, “Başa düşmürsən?” kimi ifadələr uşaqda yetərsizlik hissi yaradır.

Bu cür ifadələrin təkrar-təkrar səsləndirilməsi uşağın özünə dair mənfi təsəvvür formalaşdırmasına səbəb olur. Uşaq zamanla “Mən yetərsizəm”, “Mən uğursuzam”, “Mən bacarıqsızam” kimi düşüncələri öz kimliyinin bir hissəsi kimi qəbul edir.

Müsbət daxili səsin gücü

Uşaqlar mənfi daxili səslərlə yanaşı, müsbət daxili səslər də inkişaf etdirirlər.

“Səhv etdim, amma bunu düzəldə bilərəm” və ya “Uğursuz olsam belə, məni sevirlər və mən dəyərliyəm” kimi düşüncələrə sahib uşaqlar daha özünəinamlı fərdlərə çevrilirlər.

Mütəxəssisin sözlərinə görə, müsbət daxili səs inkişaf etdirən uşaqların çətinliklərin öhdəsindən gəlmək, motivasiya və problemləri həll etmək bacarıqları daha güclü olur.

Erkən uşaqlıq dövrü və məktəb yaşı, xüsusilə 0-12 yaş aralığı, daxili səslərin formalaşması baxımından mühüm mərhələdir.

Bu dövrdə uşaqlar “Səhv etdim, amma bunu düzəldə bilərəm”, “Bunu düzəltmək üçün çalışa bilərəm”, “Öyrənmək üçün səy göstərirəm”, “Ailəmdən və dostlarımdan dəstək ala bilərəm”, “Uğursuz olsam belə, sevilirəm və dəyərliyəm” kimi düşüncələr formalaşdırırlar.

Valideynlərin və müəllimlərin rolu

Valideynlər və müəllimlər uşaqların daxili səsinə böyük təsir göstərirlər. Xüsusilə tənqid edən, mühakimə edən və gözləntilərini uşağın üzərinə yükləyən üslub mənfi daxili səsin inkişafına səbəb olur.

Bəs uşağın müsbət daxili səs formalaşdırması üçün nə etmək lazımdır?

Mütəxəssis valideynlərə və müəllimlərə uşaqlar üçün dəstəkləyici mühit yaratmağı tövsiyə edir. Valideynlər uşağın səylərini qiymətləndirərək “Aferin”, “Sən bunu bacara bilərsən” kimi ruhlandırıcı ifadələrdən istifadə etməklə müsbət daxili səsin formalaşmasına kömək edirlər.

Müəllimlər isə uşağın emosional ehtiyaclarını anlayaraq, tənqiddən uzaq və dəstəkləyici yanaşma nümayiş etdirirlər.

Məsələn, uşaq “Mən heç nəyi bacarmıram” deyirsə, ona “Bəlkə bu dəfə çətinlik çəkdin, amma cəhd etməyə davam etsən, bacaracaqsan” demək müsbət daxili səsin inkişafına kömək edə bilər.

Texnologiya və rəqəmsal dünyanın yaratdığı risklər

Texnologiyanın və sosial medianın uşaqlara təsiri getdikcə artır. Prof. Gülsen Erden bu vəziyyətin uşaqların daxili səsinin formalaşmasına təsiri ilə bağlı mühüm xəbərdarlıqlar edir.

Məktəb yaşında sosiallaşmanın rəqəmsal münasibətlərə keçməsi və sosial medianın təsiri uşaqlarda başqalarının həyatları haqqında yanlış təsəvvürlərin yaranmasına səbəb olur.

Bu isə bədən qavrayışının pozulması, yaşa və emosional yetkinliyə uyğun olmayan davranışlara marağın artması və riskli davranışların çoxalması kimi nəticələrə gətirib çıxarır.

Bundan əlavə, virtual mühitdə kənarlaşdırılma, kiberzorakılıq və istismar da uşaqlar üçün ciddi risk yaradır.

Xüsusilə erkən yaşlarda müsbət daxili səs formalaşdıra bilməyən uşaqlar bu mənfi təsirlərə daha həssas olurlar.

Uşaqların özlərinə söylədikləri sözlərin onların həyatına necə təsir etdiyini anlamaq və bu prosesi müsbət istiqamətdə dəstəkləmək valideynlərin və müəllimlərin əlindədir.

Bəs uşağınızın daxili səsi bu gün ona nə deyir? “Mən yetərsizəm”, yoxsa “Mən bunu düzəldə bilərəm”?

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az