(poema)
Elimizin dilində,
Bir əfsanə dolaşır.
Bu nakam məhəbbətin,
Bünövrə daşı imiş.
Dildən-dilə keçərək,
Bugünə gəlib çatmış.
Dastana çevrilmişdir.
Əfsanədə deyilir:
-Çox qədim zamanlarda,
İki qardaş var imiş.
Onlar mehriban olmuş.
Bir obada, bir kənddə,
Sakitcə yaşamışlar.
Onların eyni gündə,
Övladları doğulur.
Ata olur hər biri,
Əlinin oğlu olur,
Vəlinin də bir qızı,
Oğlanın adı Fərhad,
Qıza Gözəl dedilər.
Milli adətə uyğun,
Göbəkkəsmə etdilər.
Əli kişinin kənddə,
İkimərtəbəli evi,
Bağ bağçası var imiş,
Bulağa yaxın imiş,
Eyvana çıxanda,
Kənd aydın görünərmiş.
İllər ötür, gün keçir,
Uşaqlar da böyüyüb,
Həddi-buluğa çatır.
Həyatın bu çağında,
Ömrünün baharında,
Gənclik tamın dadmamış,
Həyatdan zövq almamış,
Dünyaya tam baxmamış,
Fərhad xəstəlik tapır.
Dünya ona dar gəlir.
Təbiblər yığılsa da,
Ona əlac tapılmır,
Sağalmaq müşkül olur.
Evdə hamı qəm çəkir.
Hadisəni Gözəl də,
Qonşulardan eşidir.
Ona görə də Gözəl,
Fərhaddan uzaqlaşıb,
Başqasına bağlanır,
Fərhadı tam unudur,
Fərhad bunları bilmir.
Bir günortaçağında,
Fərhad ikincimərtəbədə,
Eyvanda taxt üstündə,
Uzanıb dincəlirdi.
Fərhad üçün anası,
Dadlı Çilov bişirir.
Çilov tez hazır olur.
Ana Çilov gətirib,
Yeməsin tələb edir.
Yeməyə başlayanda,
Anası evə girir.
Daxil olduğu zaman,
Qızlar bulağa gedir,
Fərhad qızlar içində,
Gözəli tezcə görür,
Çilovu yeməyərək,
Anasına üz tutub,
Həzin, qəmli bir səslə,
Bir bayatı çağırır:
Əziziyəm Çilovlar,
Çil kəkliklər, Çilovlar,
Gözəl gözə göründü,
Yaddan çıxdı Çilovlar.
Gözəl bayatını eşidib,
Dayanaraq dinlədi.
Xəstəni düşünmədən,
İnsanlığa yad olan,
Anlaqsız bir şəkildə,
Xəstəyə deyilməyən,
Məhəbbəti öldürən,
Ürəyi yaralayan,
Belə bayatı dedi:
Əziziyəm Çilovlar,
Çil kəklikləri, Çilovlar,
Gözəl özgə malıdır,
Ye qalmasın Çilovlar.
Bayatını dinləyib,
Fərhad çox məyyus oldu.
Getdikcə vəziyyəti,
Anbaan ağırlaşdı.
O, sarsıntı keçirtdi.
Gözəl vəfasızlığı,
Ürəyinə dağ çəkdi,
Halı hər an pisləşdi.
Dərdə dözə bilmədi.
Xəstəliyi gücləndi.
Yaşamaq eşqi söndü.
Ölüm onu apardı,
Həyata vida dedi,
Gözəlin xəyanəti,
Məhəbbətə son dedi,
Qəmli notlarla dolu,
Məhəbbət əfsanəsi.
Beləcə sona çatdı.
Taleyin oyununda,
Yeni məzar qazıldı.
Dünya öz axarından,
Öz işindən dönmədi,
Gəncin acı taleyi,
Qəmli sonluqla bitdi.
Məhəbbət yaşamadı,
Ölərək dəfn edildi.
Sabir Rüstəmoğlu (Məmmədov),
ADPU-nun Ağcabədi filialının dosenti, AYB və AJB- nin üzvü
10.03.2026
Gundelik.az
