Oktyabr 20, 2026
Baku
Maraqlı Xəbərlər

Kosmosda 4 kilometrlik yadplanetli gəmisi aşkarlanıb? NASA-nın fotosu müzakirələrə səbəb oldu

UFO Sighting Daily adlı ufoloji saytın kosmos tədqiqatçısı Skott Uorinq NASA-nın yayımladığı görüntülərdə nəhəng yadplanetlilərə məxsus gəmi aşkar etdiyini iddia edib.

Gundelik.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.

Uorinq ABŞ-nin Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli İdarəsinin (NASA) oktyabrın 2-də dərc etdiyi fotoya diqqət yetirib. Görüntüdəki ağ zolağın təxminən 4 kilometr uzunluğunda olduğunu iddia edən ufoloq bunun nəhəng yadplanetli gəmisi olduğunu irəli sürüb.

“Bu qədər böyük gəmi qısa müddətdə on minlərlə sərnişini kainatın bir ucundan digərinə daşıya bilərdi”, – deyə Uorinq görüntünü şərh edib.

Ufoloqun sözlərinə görə, həmin obyekt əvvəlki və sonrakı fotolarda görünmür. O, bunu obyektin böyük sürətlə hərəkət etməsi ilə əlaqələndirib.

Uorinq, həmçinin görüntünün neqativinə baxdıqda ağ zolağın yaxınlığında bir neçə nöqtənin göründüyünü bildirib. Onun iddiasına əsasən, həmin nöqtələr “gəminin” arxasınca apardığı əlavə obyektlər ola bilər.

Ufoloq bundan sonra NASA-nı yadplanetlilərin Günəş sisteminə mütəmadi səfərləri barədə məlumatları gizlətməkdə ittiham edib.

Lakin kosmik agentliyin bloqlarından birində sözügedən görüntünün Günəşi müşahidə edən SOHO kosmik aparatındakı genişbucaqlı spektrometrik koronqraf vasitəsilə çəkildiyi izah olunub. Bildirilib ki, ufoloqun nəhəng kosmik gəmi hesab etdiyi görüntü artefaktı kosmik aparata təsir edən günəş küləyi nəticəsində yaranıb.

Qeyd edək ki, Skott Uorinq daha əvvəl Marsın səthində qədim sivilizasiyanın izlərini aşkar etdiyini də iddia etmişdi. Onun diqqətini çəkən fotoda düzbucaqlı dəliyi xatırladan formanın göründüyü qaya təsvir olunmuşdu.

Nuri
Gundelik.az