Oktyabr 20, 2026
Baku
İdman Xəbərlər

İtalyano da səbrini itirdi: “Məni yormağa və əsəbiləşdirməyə başlayıb”

“Beşiktaş”ın baş məşqçisi Vinçenso İtalyano səfər oyunlarında məğlubiyyətlərin artıq onu yormağa və əsəbiləşdirməyə başladığını bildirib.

Gundelik.az xəbər verir ki, o, bu problemin həlli üçün ən qısa zamanda çıxış yolu tapmalı olduqlarını vurğulayıb.

Türkiyə Super Liqasının 8-ci turunda səfərdə “Trabzonspor”la qarşılaşan “Beşiktaş” 0:2 hesabı ilə məğlub olub. Oyundan sonra komandanın baş məşqçisi Vinçenso İtalyano jurnalistlərə açıqlama verib.

“Həqiqətən yaxşı oyun keçirdik”

Matçın nəticəsindən narazı qaldığını, lakin komandasının meydandakı çıxışını müsbət qiymətləndirdiyini deyən italiyalı mütəxəssis bildirib:

“Bu nəticədən razı deyilik, amma oyunumuzun yaxşı olduğunu düşünürəm. Topa sahib olur, yaxşı hücumlar qururduq. ‘Trabzonspor’a çox az qol vəziyyəti verirdik. Eyni zamanda rəqibin cərimə meydançasına dəfələrlə daxil olurduq və məncə, yaxşı oynayırdıq. Buna görə də əvəzetmə etmədim. Lakin sonradan ikinci qolu buraxdıq. Bu qolu buraxmamalı idik.

Düşünürəm ki, futbolçularım həqiqətən yaxşı oyun keçirdilər. Əgər həmin qolu buraxmasaydıq və oyuna davam etsəydik, nəticə fərqli ola bilərdi”.

“Mənfi olan yalnız nəticədir”

İtalyano məğlubiyyətlərə adətən əsəbiləşdiyini, lakin bu dəfə futbolçularının performansından razı qaldığını söyləyib:

“Bugünkü çıxışımızdan çox razıyam. Mənfi oyun görmədim. Bizim üçün mənfi olan yalnız nəticədir. Daha diqqətli olsaq, bu problemləri həll edə bilərik. Komandamızın böyük potensiala malik olduğunu və çalışaraq daha yaxşı nəticələr əldə edə biləcəyimizi düşünürəm”.

“Orkunun yoxluğunu hiss etdik”

Baş məşqçi Orkunun komanda üçün əhəmiyyətini də xüsusi vurğulayıb:

“Orkun əsl lider, əsl kapitan və əsl çempiondur. Bu gün onun yoxluğunu hiss etdik. Xüsusilə son 20 metrə çox daxil olur, rəqibin cərimə meydançasına tez-tez yaxınlaşırdıq. Düşünürəm ki, onun son zərbələrinə, son ötürmələrinə və oyun düşüncəsinə ehtiyacımız var idi. Orkun meydanda olsaydı, bəlkə də nəticə fərqli olardı”.

“Bu, qəbul edilə bilməz”

Səfər oyunlarında yaşanan problemlərə toxunan İtalyano onların aradan qaldırılması üçün dərhal addımlar atılmalı olduğunu bildirib:

“Mən açıq və dürüst insan olduğumu düşünürəm. Səfər oyunlarında bəzi məqamları düzəltməli, müəyyən dəyişikliklər etməli və dərhal həll yolu tapmalıyıq. Azarkeşləriniz yanınızda olmadığı zaman qazana bilməmək, məncə, qəbul edilə bilən hal deyil.

Əgər böyük komandasanızsa, öz meydanınızda necə oynayırsınızsa, səfərdə də elə oynamalısınız. Hər yerdə eyni futbolu nümayiş etdirməli və özünüzü eyni şəkildə göstərməlisiniz”.

“Problem xarakterlə bağlıdır”

Səfər matçlarındakı uğursuzluqların səbəblərindən danışan italiyalı mütəxəssis problemin futbolçuların qərarvermə və konsentrasiya səviyyəsi ilə əlaqəli olduğunu qeyd edib:

“Məncə, problem xarakterlə bağlıdır. Son zərbələrdə və son ötürmələrdə çətinliklər yaşayırıq. Qərarvermə anlarında səhvlər etdiyimizi və kifayət qədər diqqətli olmadığımızı düşünürəm. Təəssüf ki, səfər oyunlarında belə hallar baş verir. Öz meydanımızda bu məsələlərdə kifayət qədər yaxşıyıq, lakin səfərdə konsentrasiyamızı və diqqətimizi itiririk. Oyunu oxumaqda çətinlik çəkirik. Nəticədə məğlubiyyətlər gəlir”.

“Səfər məğlubiyyətləri artıq məni əsəbiləşdirməyə başlayıb”

İtalyano açıqlamasının sonunda səfər oyunlarındakı uğursuzluqların onu artıq ciddi şəkildə narahat etdiyini etiraf edib:

“Səfərdə məğlub olmaq məsələsinin artıq məni həqiqətən əsəbiləşdirməyə başladığını deyə bilərəm. Bu, məni yormağa da başlayıb. Belə vəziyyət qəbul edilə bilməz. Burada dərhal həll yolu tapmalıyıq. Həmin həlli tapmalı olan şəxs mən və məşqçi heyətimdir. Bir komandanın öz meydanında fərqli, səfərdə isə başqa cür oynaması əsla qəbul edilə bilən hal deyil”.

Ramal Bəhmənli
Gundelik.az