Son illərdə üz dərisinin sallanmasının qarşısını almaq, üz konturlarını daha aydın göstərmək və cərrahi müdaxiləyə ehtiyac olmadan daha gənc görünüş əldə etmək istəyənlərin aparat kosmetologiyasına marağı artıb. Bu istiqamətdə HIFU və SMAS-liftinq prosedurları xüsusi diqqət çəkir.
Bəs bu üsullar həqiqətən nə dərəcədə effektivdir və üz sallanmasını tam aradan qaldıra bilirmi?
Kosmetoloq Günay Əliyeva Gundelik.az-a açıqlamasında mövzu ilə bağlı suallara aydınlıq gətirib.
Onun sözlərinə görə, HIFU və SMAS-liftinq düzgün tətbiq olunduqda üz konturlarının yaxşılaşdırılmasına və dərinin dartılmasına kömək edə bilər. Lakin nəticə istifadə olunan texnologiyadan və fərdi dəri xüsusiyyətlərindən asılıdır:
“HIFU və SMAS-liftinq üz dərisinin dartılması və üz konturlarının yaxşılaşdırılması məqsədilə tətbiq olunan aparat kosmetologiyası üsullarıdır. Son illərdə bu prosedurlara marağın artmasının əsas səbəbi insanların cərrahi müdaxiləyə ehtiyac olmadan daha gənc və təravətli görünüş əldə etmək istəməsidir. HIFU yüksək intensivlikli fokuslanmış ultrasəs texnologiyasıdır. Bu texnologiya ultrasəs enerjisini dərinin müəyyən dərinliklərinə yönəldərək toxumalarda nəzarətli istilik nöqtələri yaradır. Nəticədə kollagen liflərinin yığılması və zamanla yeni kollagenin yaranmasının stimullaşdırılması mümkün olur. SMAS isə üzün yumşaq toxumalarını dəstəkləyən səthi əzələ-aponevrotik sistemdir. SMAS-liftinq adı ilə təqdim olunan bəzi aparat prosedurları ultrasəs enerjisini məhz bu dərinliklərə yönəltməyi hədəfləyir. Bununla belə, prosedurun nəticəsi istifadə olunan cihazın texnologiyasından, parametrlərindən və düzgün tətbiqindən asılıdır”.
HIFU üz sallanmasını nə qədər aradan qaldırır?
Mütəxəssis bildirir ki, bu sual pasiyentlər tərəfindən tez-tez verilir.
“Əslində, prosedurun təsiri hər kəsdə eyni olmur. Yüngül və orta dərəcəli dəri boşalması olan şəxslərdə üz ovalının daha aydın görünməsi, çənə xəttinin müəyyən qədər formalaşması və dərinin dartılması müşahidə oluna bilər. Nəticələr adətən dərhal tam şəkildə üzə çıxmır. Kollagenin yenilənməsi ilə əlaqədar olaraq dəyişikliklər bir neçə ay ərzində daha aydın görünə bilər. Lakin HIFU-nun üz sallanmasını tam aradan qaldıracağını və ya hər kəsdə eyni nəticə verəcəyini söyləmək düzgün deyil. Üzdə ciddi sallanma, nəzərəçarpan artıq dəri və dərin toxumaların boşalması olduqda aparat prosedurlarının təsiri məhdud qala bilər. Belə hallarda pasiyentin vəziyyətinə uyğun digər müalicə üsulları, o cümlədən cərrahi liftinq imkanları da qiymətləndirilməlidir”, deyə o ifadə edib.
Həmsöhbətim bu prosedurun kimlər üçün uyğun olduğunu dilə gətirib:
“HIFU və uyğun ultrasəs əsaslı dartılma prosedurları, əsasən, üz ovalında yüngül dəyişikliklər, çənə xəttində boşalma, dərinin elastikliyinin azalması və erkən yaşlanma əlamətləri olan şəxslərdə nəzərdən keçirilə bilər. Əsas şərt pasiyentin dəri və yumşaq toxumalarının vəziyyətinin əvvəlcədən düzgün qiymətləndirilməsidir. Hər üz quruluşu fərqlidir. Buna görə də eyni cihazın və eyni parametrlərin bütün pasiyentlərə tətbiqi düzgün yanaşma deyil. Prosedur seçilərkən yaş, dəri elastikliyi, sallanmanın dərəcəsi, üzün anatomik xüsusiyyətləri və gözləntilər nəzərə alınmalıdır. Bəziləri soruşur ki, HIFU cərrahi liftinqi əvəz edirmi? Bu iki üsul arasında ciddi fərq var. Aparat prosedurları toxumalarda dartılma effektini stimullaşdırmağa yönəlib. Cərrahi liftinq zamanı isə artıq dəri götürülə, dərin toxumalar yenidən yerləşdirilə və daha nəzərəçarpan dəyişiklik əldə oluna bilər.
HIFU daha az bərpa müddəti tələb edən qeyri-cərrahi üsul kimi bəzi şəxslər üçün uyğun seçim ola bilər. Ancaq ondan cərrahi əməliyyatla eyni nəticəni gözləmək doğru deyil. Əsas məqsəd pasiyentin ehtiyacına uyğun, real və təhlükəsiz nəticə əldə etməkdir. Prosedurun qeyri-invaziv olması onun tamamilə risksiz olduğu anlamına gəlmir. Müvəqqəti qızartı, şişkinlik, həssaslıq və ağrı yarana bilər. Nadir hallarda yanıq, keyimə və digər toxuma zədələnmələri də mümkündür. Buna görə cihazın düzgün seçilməsi, anatomik xüsusiyyətlərin nəzərə alınması və prosedurun müvafiq hazırlığı olan mütəxəssis tərəfindən aparılması vacibdir”.
G.Əliyevanın fikrincə, aparat kosmetologiyasında əsas məsələ prosedurun populyarlığı deyil, onun konkret pasiyent üçün nə dərəcədə uyğun olmasıdır.
“HIFU və SMAS-liftinq düzgün seçilmiş hallarda üz konturlarının yaxşılaşdırılmasına kömək edə bilər. Lakin hər kəs üçün universal cavanlaşma üsulu yoxdur. Ən doğru nəticə fərdi qiymətləndirmə, düzgün prosedur seçimi və real gözləntilərlə mümkündür”, deyə o qeyd edib.
Nurəddin Abdullayev
Gundelik.az
