Cənubi Amerika ölkəsi Kolumbiyada baş verən 7,4 maqnitudalı zəlzələ nəticəsində indiyədək 111 nəfər həyatını itirib.
ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Kolumbiyanın qərbində yerləşən San-Xose-del-Palmar qəsəbəsindən təxminən 5 kilometr şərqdə olduğunu açıqlayıb. Zəlzələnin ocağı 107 kilometr dərinlikdə yerləşib.
Zəlzələ əsasən Çoko inzibati bölgəsində, eləcə də Barankilya, paytaxt Boqota, Medellin, Manizales, Pereyra və Bukaramanga şəhərlərində hiss olunub və əhali arasında böyük təşvişə səbəb olub.
Kolumbiya Prezidenti Abelardo De La Espriella zəlzələ nəticəsində 111 nəfərin öldüyünü, yüzlərlə binaya ziyan dəydiyini açıqlayıb.
Axtarış-xilasetmə və dağıntıların qiymətləndirilməsi işləri davam edir. Ölənlərin sayının artacağından ehtiyat edilir.
Manizalesdə 3, Pereyrada 18 nəfər ölüb
Kaldas departamentinin Manizales şəhərinin meri Jorge Eduardo Rojas Giraldo güclü zəlzələdən sonra şəhərdə vəziyyətin kritik olduğunu və indiyədək 3 nəfərin həyatını itirdiyini bildirib.
Giraldo şəhərdə 10-dan çox binanın tamamilə dağıldığını, çoxsaylı tikililərin isə qismən zərər gördüyünü qeyd edib.
O, 20-dən çox evin dağıldığını və axtarış-xilasetmə işləri davam etdiyi üçün bu rəqəmin arta biləcəyini bildirib.
Zəlzələdən sonra xilasetmə əməliyyatlarına yanğınsöndürənlər, mülki müdafiə əməkdaşları, Qızıl Xaç, könüllü yanğınsöndürənlər, ordu, polis, ixtisaslaşmış xilasetmə qrupları və bələdiyyə əməkdaşları cəlb olunub.
Pereyra şəhərinin meri Mauricio Salazar Pelaez isə açıqlamasında şəhərdə indiyədək 18 nəfərin həyatını itirdiyini bildirib.
Mer çox sayda insanın hələ də dağıntılar altında qaldığının ehtimal edildiyini və ölənlərin sayının artmasından narahat olduqlarını vurğulayıb.
Bu arada şəhərdəki Matecana Beynəlxalq Hava Limanının infrastrukturu da zərər görüb. Hava limanında insanların olduğu bölmələrdən birinin damının bir hissəsi çöküb. Lakin səlahiyyətlilər indiyədək burada ölən və ya yaralanan şəxsin olmadığını bildiriblər.
Kalidə üçmərtəbəli bina dağılıb
Kolumbiya mətbuatının məlumatına görə, Kali şəhərində üçmərtəbəli bina tamamilə dağılıb. Manizalesdə isə tarixi kilsə ciddi zərər görüb. Kivdoda da çoxsaylı binalara ziyan dəyib.
Kivdo şəhərində bəzi binalar uçub, yaralananlar olub. Dağıntıların olduğu ərazilərdə axtarış-xilasetmə işlərinə başlanılıb.
Çoko qubernatoru Nubia Carolina Cordoba sosial media hesabında bölgədə bir neçə nəfərin yaralandığını və binalara ciddi ziyan dəydiyini bildirib.
Kolumbiya Geoloji Tədqiqatlar Xidməti yerli vaxtla saat 08:18-də Çoko inzibati bölgəsinin Novita qəsəbəsində 4,6 maqnitudalı afterşok qeydə alındığını açıqlayıb.
Zəlzələdən sonra yayılan görüntülərdə San-Xose-de-Pereyra kilsəsinin orta hissəsindəki üst bölmənin qoparaq düşdüyü, sarsıntı zamanı küçədə olan insanların polis motosikletinə və ətrafdakı digər əşyalara tutunduğu görünür. Bölgə sakinləri və yoldan keçənlər arasında böyük təşviş və qarışıqlıq yaşanıb.
Zəlzələ Venesuela, Ekvador və Panamada da hiss olunub
Zəlzələ Kolumbiya ilə yanaşı Venesuela, Ekvador və Panamanın müxtəlif bölgələrində də hiss edilib.
Venesuelada yerləşən Telesur internet saytının məlumatına görə, Kolumbiyadakı zəlzələ səbəbindən Venesuelada bəzi binaların fasadlarının bir hissəsi dağılıb, kilsə və hava limanına ziyan dəyib.
Panamada isə səlahiyyətlilər zəlzələ səbəbindən bəzi binaları və tibb müəssisələrini təxliyə ediblər.
Sarsıntıdan sonrakı ilk bir saat ərzində Panamada ölən və ya maddi zərər görən şəxslərlə bağlı məlumat daxil olmayıb.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
