Avqust 24, 2026
Baku
Dünya Xəbərlər

Avropa yeni isti hava dalğasına hazırlaşır

Avropada yeni isti hava dalğasının təsirli olacağı gözlənilir. Qitənin müxtəlif bölgələrində temperaturun yenidən 40 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır.

Avropa Orta Mənzilli Hava Proqnozları Mərkəzinin (ECMWF) və Avropa ölkələrinin meteoroloji qurumlarının proqnozlarına görə, bu həftə Fransa, Almaniya, Niderland və İngiltərə başda olmaqla, qitənin geniş hissəsində temperaturun yenidən yüksələcəyi gözlənilir.

İngiltərə və Fransada ilin beşinci isti hava dalğası kimi qiymətləndirilən ekstremal istilərin xüsusilə Qərbi Avropada təsirli olacağı proqnozlaşdırılır.

Yeni isti hava dalğası ilə bəzi bölgələrdə gündüz temperaturunun mövsüm normalarından xeyli yüksək olacağı bildirilir.

Fransada temperaturun həftə ərzində sürətlə yüksələrək bəzi bölgələrdə 40 dərəcəyə yaxınlaşacağı gözlənilir. Ölkənin xüsusilə daxili və cənub hissələrində temperaturun bütün həftə yüksək olacağı proqnozlaşdırılır.

Almaniya Meteorologiya Xidmətinin proqnozlarına görə, ölkənin böyük hissəsində temperatur həftə ərzində əhəmiyyətli dərəcədə artacaq. İsti havanın xüsusilə ölkənin cənub bölgələrində təsirli olacağı və temperaturun bəzi yerlərdə 37 dərəcəyə çatacağı gözlənilir. Frankfurtda temperaturun cümə günü 37 dərəcəyə yüksələcəyi proqnozlaşdırılır.

Niderlandda günəşli hava şəraitinin təsiri ilə, xüsusilə ölkənin daxili bölgələrində temperaturun 30 dərəcəni keçəcəyi gözlənilir.

İngiltərədə isə yeni isti hava dalğasının əsasən ölkənin cənub və mərkəzi hissələrinə təsir edəcəyi bildirilir. Bu həftə ölkənin böyük hissəsində hökm sürəcək isti hava şəraitində temperaturun bəzi yerlərdə 36 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırılır.

Belçikada artan temperatur səbəbindən ölkənin böyük hissəsində şənbə gününədək sarı səviyyəli xəbərdarlıq elan edilib. Ölkənin bəzi şəhərlərində temperaturun cümə axşamı və cümə günləri 35 dərəcəyə çatacağı gözlənilir.

İsti hava dalğası ilə əlaqədar olaraq rəsmilər xüsusilə yaşlıların, uşaqların və həssas qrupların yüksək temperaturdan qorunmaq üçün diqqətli olmalarını, günün ən isti saatlarında zəruri tədbirlər görmələrini və bol maye qəbul etmələrini tövsiyə edir.

Yeni isti hava dalğası Avropanın geniş hissəsində quraqlıq və yağıntıların az olduğu dövrə təsadüf edəcək.

Uzun müddətdir davam edən isti və quru hava şəraiti səbəbindən bir çox bölgədə quraqlıq başlayıb. Avropa iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan Reyn, Dunay və Po kimi çaylarda suyun səviyyəsi tarixi minimum göstəricilərə yaxınlaşıb.

Yeni isti hava dalğası nəticəsində buxarlanmanın artacağı və mövcud quraqlıq şəraitinin daha da ağırlaşacağı gözlənilir.

Avropada çaylarda su səviyyəsinin aşağı düşməsi, xüsusilə yük daşımalarını çətinləşdirir. Eyni zamanda çay suyundan istifadə edən hidroelektrik və nüvə elektrik stansiyalarına ciddi təzyiq yaradır.

Ekstremal temperatur kənd təsərrüfatı istehsalına da ciddi zərər vurur.

İsti və quru hava şəraiti, xüsusilə Fransa, İspaniya və İtaliya başda olmaqla, Avropanın müxtəlif bölgələrində meşə yanğınları riskini də artırır.

Qərbi Avropa ölkələri yayın əvvəlindən etibarən ardıcıl isti hava dalğaları və rekord səviyyələrə çatan temperaturla üzləşir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az