Bağırsaq xərçəngi riskinin azaldılmasında qidalanma və həyat tərzi mühüm rol oynayır. Mütəxəssislər liflə zəngin qidalanmağı, işlənmiş ət məhsullarını azaltmağı və müntəzəm hərəkət etməyi tövsiyə edir.
Gündə təxminən 30 qram lif qəbul etmək bağırsaq sağlamlığını dəstəkləyən əsas addımlardan biridir. Tərəvəz, meyvə, mərcimək, noxud, lobya, tam taxıllar, qoz-fındıq və toxumlar yaxşı lif mənbələridir. Lifin miqdarını isə birdən deyil, tədricən artırmaq və kifayət qədər su içmək məsləhətdir.
Hansı qidaları azaltmaq lazımdır?
Kolbasa, sosis, vetçina və digər işlənmiş ət məhsullarının müntəzəm istehlakı məhdudlaşdırılmalıdır. Qırmızı əti isə tamamilə rasiondan çıxarmaq vacib deyil, lakin ölçülü istehlak tövsiyə olunur. Fast-food, şəkərli içkilər və həddindən artıq işlənmiş qidalar da gündəlik qidalanmanın əsasını təşkil etməməlidir.
Brokoli, kələm, gül kələmi, ispanaq, kök, pomidor, bibər, alma, armud, portağal və digər müxtəlif rəngli tərəvəz-meyvələrə üstünlük vermək faydalıdır. Meyvələri şirə şəklində deyil, mümkün qədər bütöv yemək tövsiyə olunur.
Hərəkət də vacibdir
Fiziki aktivlik bağırsaq xərçəngi riskinin azaldılmasına və sağlam çəkinin qorunmasına kömək edir. Hər gün 20-30 dəqiqəlik sürətli gəzinti belə hərəkətsiz həyat tərzindən daha faydalıdır.
Sağlam qidalanma müayinələri əvəz etmir
Mütəxəssislər vurğulayırlar ki, sağlam qidalanma və idman xərçəngdən qorunmaq üçün vacib olsa da, müntəzəm skrininq müayinələrinin, o cümlədən kolonoskopiyanın yerini tutmur. Yaşa və fərdi risklərə uyğun olaraq həkim tövsiyəsi ilə müayinələrdən keçmək vacibdir.
Bağırsaq sağlamlığı üçün 7 əsas addım:
Hər gün tərəvəz və meyvə qəbul edin.
Gündə təxminən 30 qram lif almağa çalışın.
Paxlalı bitkiləri rasiona əlavə edin.
İşlənmiş ət məhsullarını mümkün qədər azaldın.
Qırmızı əti ölçülü istehlak edin.
Alkoqol qəbulunu məhdudlaşdırın və ya dayandırın.
Müntəzəm hərəkət edin və sağlam çəkinizi qoruyun.
Mütəxəssislərin fikrincə, bağırsaq sağlamlığında əsas məsələ hər hansı bir “möcüzə qida” deyil, uzunmüddətli və balanslı həyat tərzidir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
