ABŞ-da aparılan klinik araşdırmada ketogenik pəhrizin yalnız arıqlamağa deyil, qaraciyər yağlanması və prediyabetə də müsbət təsir göstərə biləcəyi müəyyənləşib.
Vaşinqton Universiteti Tibb Fakültəsinin alimləri piylənmə, prediyabet və qaraciyər yağlanması olan 42 nəfər üzərində ketogenik, Aralıq dənizi və az yağlı, bitki əsaslı pəhrizləri müqayisə ediblər.
Təxminən 4-5 ay davam edən araşdırmada hər üç qrupun çəkisi təxminən 10 faiz azalıb. Lakin qaraciyər yağının azalması ketogenik pəhriz qrupunda daha yüksək olub. Bu qrupda qaraciyər yağı orta hesabla 67 faiz, digər iki qrupda isə 45 faiz azalıb.
Prediyabet göstəricilərində də fərq müşahidə edilib. Ketogenik pəhriz tətbiq edənlərin təxminən 50 faizi araşdırmanın sonunda artıq prediyabet kriteriyalarına cavab verməyib. Bu göstərici Aralıq dənizi pəhrizində 29 faiz, az yağlı və bitki əsaslı pəhrizdə isə 7 faiz olub.
Tədqiqatçılar nəticələrin xüsusilə qaraciyər yağlanması və prediyabeti olan insanlarda karbohidrat qəbulunun azaldılmasının arıqlamaqdan əlavə metabolik faydalar verə biləcəyinə işarə etdiyini bildiriblər.
Qeyd: Araşdırma cəmi 42 nəfərlə aparılıb və nəticələr ketogenik pəhrizin hər kəs üçün uyğun və ya təhlükəsiz olduğunu göstərmir. Pəhriz dəyişikliyi xüsusilə xroniki xəstəliyi olan şəxslərdə həkim və ya dietoloqla məsləhətləşərək edilməlidir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
