Keçmiş NASA astronavtı Nikol Skott Beynəlxalq Kosmik Stansiyada (BKS) işləyərkən qarşılaşdığı qeyri-adi anları bölüşüb və yadplanetlilərlə tanış olmaq istədiyini deyib.
Gundelik.az xəbər verir ki, o, bu barədə “LADbible Stories” “YouTube” kanalına müsahibəsində danışıb.
Skott 2009 və 2011-ci illərdə iki dəfə BKS-ə uçub və ümumilikdə 103 gün stansiyada qalıb. Onun sözlərinə görə, tez-tez ona yadplanetliləri görüb-görmədiyi soruşulur. Astronavt bildirib ki, birbaşa belə bir hadisə yaşamasa da, bəzən çox maraqlı mənzərələrlə rastlaşıb.
“Meteorları gördüm, inanılmaz dərəcədə gözəl idi. İlk dəfə görəndə “Aman Allahım, bu nə idi?” dedim. Hətta digər modullardakı həmkarlarımın yanına qaçıb, aşağıda parlaq bir şeyin hərəkət etdiyini söylədim,” – deyə o xatırlayıb. Ekipaj isə bunun atmosferdə yanan kosmik zibil ola biləcəyini izah edib.
Skott həmin anların ona UFO və yadplanetlilər haqqında hekayələri xatırlatdığını bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin keçmiş milli təhlükəsizlik zabiti Metyu Braun Pentaqonun gizli UFO tədqiqat proqramı haqqında danışmış, yadplanetlilərin minilliklərdir ki, Yer kürəsində ola biləcəyini və texnologiyalarının “Flawless Constellation” layihəsində qeydə alındığını demişdi. ABŞ-nin vitse-prezidenti də daha əvvəl UFO-lara xüsusi marağından bəhs etmişdi.
Gundelik.az
