Avqust 28, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Keçməyən deyil, qəfil başlayan baş ağrısına diqqət: Beyin qanamasının xəbərçisi ola bilər

Beyin anevrizmaları illərlə heç bir əlamət vermədən inkişaf edir. Lakin anevrizmanın böyüməsi və ya partlaması ciddi təhlükə yaradır.

Anevrizma beyini qidalandıran damarların divarındakı zəif nahiyənin qabarması nəticəsində yaranır. Bəzi anevrizmalar təsadüfən MRT və ya tomoqrafiya zamanı aşkarlanır.

Ən ciddi xəbərdarlıq əlaməti

Anevrizma partladıqda yaranan qəfil və bir neçə dəqiqə ərzində maksimum şiddətə çatan baş ağrısı ən mühüm əlamətlərdən biridir. Bu ağrı çox vaxt insanın həyatında hiss etdiyi ən şiddətli baş ağrısı kimi təsvir olunur.

Baş ağrısı ilə yanaşı ürəkbulanma, qusma, boyun sərtliyi, işığa həssaslıq, huşun itirilməsi, qıcolma, nitq pozğunluğu və qol-ayaqlarda gücsüzlük də yaranır.

Hər güclü baş ağrısı beyin qanaması demək deyil. Lakin qəfil başlayan və əvvəllər yaşanmayan şiddətli baş ağrısının keçməsini gözləmək təhlükəlidir. Belə hallarda vaxt itirmədən təcili tibbi yardıma müraciət edilməlidir.

Risk kimlərdə daha yüksəkdir?

Siqaret çəkənlər, yüksək təzyiqi olanlar və yaxın ailə üzvlərində beyin anevrizması və ya buna bağlı qanaxma tarixçəsi olanlarda risk daha yüksək olur.

Müalicə qərarı isə anevrizmanın ölçüsü, yerləşdiyi nahiyə, forması, böyüyüb-böyüməməsi və xəstənin ümumi vəziyyəti nəzərə alınaraq fərdi şəkildə verilir. Bəzi anevrizmalar sadəcə mütəmadi müayinələrlə izlənilir, bəzilərində isə cərrahi və ya damar daxili müdaxilə tətbiq olunur.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az