ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harrisin 2028-ci ildə prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi hələlik məlum deyil. Bununla belə, onun bir sıra keçmiş köməkçi və məsləhətçiləri Harrisin yeni prezidentlik kampaniyasına başlamayacağını düşünür.
Gundelik.az xəbər verir ki, bu barədə “Axios” Harrisin keçmiş yüksək səviyyəli səkkiz məsləhətçisi ilə danışıb. Onlardan yalnız biri onun 2028-ci il seçkilərində iştirak edəcəyini ehtimal edib. İki keçmiş məsləhətçi hər iki ehtimalı təxminən bərabər qiymətləndirib, beşi isə Harrisin seçki yarışına qatılmayacağını düşünüb.
Harrisin özü isə 2028-ci il seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı hələlik qərarını açıqlamayıb. Keçmiş əməkdaşların qiymətləndirməsinə görə, mümkün kampaniyaya hazırlıq baxımından hazırda nəzərəçarpacaq fəaliyyət müşahidə olunmur.
Nəşrin həmsöhbətləri Harrisin mümkün kampaniya üçün seçki qərargahı formalaşdırmadığını və ictimai debatlarda iştirak etmədiyini qeyd ediblər. Onların fikrincə, qarşıdakı kampaniyanın maliyyələşdirilməsi üçün kifayət qədər vəsait cəlb etmək də çətinlik yarada bilər.
Bununla yanaşı, Harrisin son aylardakı fəaliyyəti onun 2028-ci il seçkiləri ilə bağlı siyasi gələcəyini tamamilə kənara qoymadığını göstərir. O, Demokratlar Partiyasının müxtəlif nümayəndələri və fəalları ilə əlaqələr saxlayıb və mümkün seçki kampaniyası ilə bağlı müzakirələr aparıb.
Beləliklə, Harrisin 2028-ci il prezident seçkilərində iştirak edib-etməyəcəyi hələ açıq qalır və yekun qərarın özü tərəfindən açıqlanması gözlənilir.

