Sentyabr 25, 2026
Baku
Aktual Elm və təhsil Xəbərlər

İxtisas seçimi ilə bağlı Anar Kazımovdan VACİB AÇIQLAMA

“Valideynin peşəsi uşağın gələcək ixtisasının göstəricisi olmamalıdır”.

Gundelik.az xəbər verir ki, bu barədə təhsil eksperti Anar Kazımov düzgün ixtisas seçiminin tələbənin gələcəyi üçün mühüm rol oynadığını bildirib.

Anar Kazımov Baku TV-nin efirində qonaq olarkən xarici universitetlərdə son dövrlərdə daha çox maraq göstərilən ixtisaslardan danışıb.

Onun sözlərinə görə, Tibb, Stomatologiya və Mühəndislik istiqamətləri ilə yanaşı, İqtisadiyyat, AİT (İnformasiya Texnologiyaları) və Süni İntellekt proqramlarına da maraq artıb.

Ekspert qeyd edib ki, ixtisas seçimi zamanı tələbənin fərdi maraqları, bacarıqları və potensialı nəzərə alınmalıdır. Onun sözlərinə görə, yanlış ixtisas seçimi tələbənin həm vaxt, həm də illər itirməsinə səbəb ola bilər.

O, xarici universitetlərə tələbə göndərərkən valideynlərin bəzən övladlarının gələcək peşəsini öz peşələri əsasında müəyyənləşdirmək istədiklərini də bildirib:

“Özüm hüquqşünasam, istəyirəm övladım da hüquqşünas olsun” və ya “Özüm stomatoloqam, istəyirəm övladım da stomatoloq olsun” kimi istəklərlə tez-tez qarşılaşırıq.

Ekspert vurğulayıb ki, hər tələbənin marağı, bacarığı və potensialı fərqlidir. Bu səbəbdən valideynin peşəsi uşağın gələcək ixtisas seçimi üçün əsas meyar olmamalıdır.

O, əlavə edib ki, məhz bu yanaşmadan çıxış edərək son illərdə tələbələrin maraq və bacarıqlarını, eləcə də potensialını müəyyənləşdirməyə kömək edən Potensial Dəyərləndirmə Testi hazırlanıb.

“Bu test vasitəsilə tələbənin maraq və bacarıqlarını, potensialını araşdıraraq onun üçün daha uyğun ixtisas istiqamətini müəyyənləşdirməyə çalışırıq”, – deyə Anar Kazımov bildirib.

Nurəddin Abdullayev
Gunelik.az