Sentyabr 25, 2026
Baku
Ədəbiyyat

Çoxsahəli elmi yaradıcılıq insanı Əziz Mirəhmədov

Çoxəsirlik tariximizdə xalqımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri ola bilər ki, ən əsası, bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır. Azərbaycan xalqı tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi memarlıq abidələri və bədii əsərləri, müsiqi ilə parlaq səhifələr yazmışdır. Bunların arasında şairlərimizin, yazıçılarımızın xidməti və tariximizin yaranmasında onların əsərlərinin qiyməti çox böyükdür.

  Heydər Əliyev,

   Ümummilli lider

     Əvəzsiz milli sərvətimiz olan qədim və zəngin Azərbaycan ədəbiyyatının öyrənilməsi istiqamətində indiyədək bir çox dəyərli işlər görülmüşdür. Orta çağ təzkirəçiliyindən başlayıb çağdaş fundamental filoloji araşdırmalara qədər uzunömürlü və irimiqyaslı bir kontekst çevrələyən ədəbiyyat tarixçiliyimiz zaman-zaman öz milli təcrübi uğurlarını yekunlaşdıran ümumiləşdirici ədəbiyyat tarixlərini ictimaiyyətə çatdırmışdır. F.Köçərli, Ə.Abid, İ.Hikmət, S.Mümtaz, F.Köprülü, M.Arif, M.Cəfər, H.Araslı, M.Təhmasib, M.Quluzadə, M.Cəlal, F.Qasımzadə və başqa görkəmli tədqiqatçıların bu yöndəki ardıcıl, sistemli fəaliyyəti Azərbaycan filoloji fikrinin inkişafında mühüm rol oynamışdır.

  Uzun illər hətta mütəxəssislər üçün də naməlum qalmış bu ədəbiyyatın öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasının  əhəmiyyəti özlüyündə aydındır. Belə ki, harada meydana çıxmasından asılı olmayaraq, hər hansı xalqın mənəvi irsinin ayrılmaz tərkib hissəsidir və onun öyrənilməsi ən azı həmin ədəbi irs haqqında təsəvvürün düzgünlüyü və bütövlüyü üçün zəruridir. Təbii ki, bu ədəbiyyatın öyrənilməsində ən vacib iş onun başlıca nümayəndələrinin ictimai fəaliyyətinə, elmi-ədəbi yaradıcılığına dair xüsusi, dərin və hərtərəfli araşdırmaların həyata keçirilməsindən ibarət olmalıdır.

Bu il ziyalı qələm sahibi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1959), Azərbaycanın Əməkdar elm xadimi (1982), filologiya elmləri doktoru (1976), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1980) Əziz Mirəhmədovun 100 illik yubileyidir.

   Haqqında 

     Əziz Mirəhmədov 1920-ci ildə Bakı şəhərində doğulmuşdur. İlk təhsilini Bakıda 25 nömrəli məktəbdə almışdır. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. İlk məqaləsi hələ tələbə ikən “Azərbaycan müəllimi” nin sələfi olan “Müəllim qəzeti” nin 13 may 1938-ci il nömrəsində çap olunmuşdur. 1941-ci ildə APİ-ni bitirdikdən sonra gənc Əziz bir qədər orta və ali məktəblərdə dərs deyir, 1942-ci ildə Mərdəkandakı 156 nömrəli məktəbdə müəllim işləyir.           1943-1948-ci illərdə ADU-nun “Azərbaycan ədəbiyyatı” kafedrasında baş müəllim vəzifəsini tutur. Xalq şairi B.Vahabzadə də onun tələbəsi olmuşdur. Bəxtiyar Vahabzadənin xatirəsində deyilir: “Xəyalım ilk tanışlığımıza – 1943-cü ilin sentyabrına getdi. Bu o gün idi ki, gənc, ucaboy, qarayanız aspirant Ə.Mirəhmədov bizə dərs deyirdi. Gənc olmasına baxmayaraq, onda çılğınlığın, ötkəmliyin əlaməti belə yox idi. Çox asta və təmkinlə danışar, izah etmək istədiyi mətləbi yalnız faktlarla bizə dərk etdirməyə çalışardı”. Onu yaxşı tanıyan müəllimləri H.Araslı və M.Arif tezliklə Ə.Mirəhmədovu Nizami adına Ədəbiyyat və Dil İnstitutuna dəvət edirlər. “Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan mətbuatının inkişaf mərhələləri” mövzusunda dissertasiyasını müdafiə edib elmlər doktoru adını alır, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilir. Azərbaycan ədəbiyyatının bir sıra açılmamış səhifələri Əziz müəllimin qismətinə düşmüşdü. O, “Molla Nəsrəddin” jurnalının 25 illik nömrələrinin transliterasiyası, 12 cilddə çapa hazırlanması və birinci cildin nəşr edilməsi işini də başa çatdırmışdı.

   Bütün fəaliyyəti boyu çox məhsuldar işləyən Ə.Mirəhmədov 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifidir. Onun “M.F.Axundov” (1953), “Abdulla Şaiq” (1956), “Sabir” (1958), “Məhəmməd Hadi” (1962 və 1981), “Azərbaycan Molla Nəsrəddini” (1980), “Satirik gülüşün qüdrəti” (1981), “Ağlar güləyən” (1989) monoqrafiyaları, “XX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafına dair”, “Zakir və XIX əsr Azərbaycan satirası”, “XX əsrin əvvəllərində ədəbi hərəkat: tənqidi realizm” və s. sanballı məqalələri ədəbiyyatımızın tarixinin öyrənilməsində ən etibarlı mənbələrdəndir. Hələ 40-cı illərdə gənc Əziz iki cildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” nin (1943-1944) hazırlanmasında yaxından iştirak edərək ilkin təcrübə qazanmış, sonrakı illərdə isə püxtələşmiş alim kimi üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” nin (1958-1960) əsas müəlliflərindən biri olmuşdur. O, nəşri planlaşdırılmış yeddicildlik “Azərbaycan ədəbiyyatı tarixi” nin də aparıcı müəlliflərindən biri idi. Yorulmaz tədqiqatçının böyük zəhməti bahasına müxtəlif illərdə C.Məmmədquluzadənin əsərlərinin ikicildliyi (1951-1954), üçcildliyi (1966-1967) və altıcildliyi (1981-1985) çapa hazırlanıb nəşr edilmiş, onun tərəfindən hər nəşrə müqəddimə, izah və şərhlər yazılmışdır.

    Ədibin M.Ə.Sabir haqqında Bakıda və Moskvada çap etdirdiyi fundamental monoqrafiyalar ədəbiyyatımızda ictimai satiranın tarixi gerçəkliyin təsiri ilə yeni, mütərəqqi məzmun qazanmasını, Sabir poeziyasının Azərbaycanda yeni tipli ədəbiyyatın təşəkkülündə rolunu, onun Yaxın Şərq xalqlarının ədəbiyyatında tənqidi-realist meylin inkişafına təsirini aydınlaşdırmaqla yanaşı, şeirimizin poetik təkamülündə orijinal hadisə olduğunu və XX əsrdə davam etməkdə olan epiqon şeirin aradan götürülməsində praktik əhəmiyyətini üzə çıxarır. “Xudojestvennaya literatura” nəşriyyatının çap etdiyi “Ağlar güləyən” monoqrafiyası Sabir irsini keçmiş sovet məkanında təbliğ və təqdir etdiyi kimi, ədəbiyyatşünaslığımızın da bu səviyyədə təmsil olunmaq hüququnu və imkanlarını nümayiş etdirdi.

Ədibin ömrünün əsas hissəsi Azərb. EA Nizami ad. Ədəbiyyat İnstitutu ilə bağlı olmuşdur. O, kiçik fasilələrlə həmin İnstitutda 60 ilə yaxın işləmişdir: Mirəhmədov Əziz institutda laborant kimi işə başlamış (1942), kiçik elmi işçi, baş elmi işçi, mətnşünaslıq şöbəsinin müdiri (1964 il-dən), direktor müavini (1980-1981), direktor (1981-1985) vəzifələrində çalışmışdır. Mirəhmədov Əziz müxtəlif illərdə ADU-nun baş müəllimi (1943-1948), “Azərnəşr” in baş redaktoru (1949-1951), Nizami ad. Azərb. Ədəbiyyatı Muzeyinin direktoru (1959-1960), Azərb. KP MK-nın Təbliğat və Təşviqat şöbəsi müdirinin müavini (1960-1963), İdeologiya şöbəsi müdirinin birinci müavini (1963-1964) vəzifələrində səmərəli fəaliyyət göstərmişdir.

      Ə.Mirəhmədov klassik filoloji təhsil görmüş alimlərimizdən idi. O, sözün həqiqi mənasında filoloq idi. Onun tarixi ədəbi gedişata münasibətindəki elmi tutum vüsəti və miqyası bu amillə bağlı idi. Əziz müəllim 20-30-cu illərdə Azərbaycanda fəaliyyət göstərmiş elə alimlərin yaratdıqları məktəbin tələbəsi və davamçısı idi ki, onlar universal təfəkkür sahibi idilər. Əziz müəllimin dərs aldığı H.Araslı, M.Cəlal, F.Qasımzadə, C.Xəndan, Ə.Sultanlı 20-30-cu illər Bakı Universitetində dərs demiş məşhur alimlərin yetirmələri idilər.                  Ə.Mirəhmədovun ədəbiyyat tarixi və nəzəriyyəsi, mətbuat tarixi, mətnşünaslıq, biblioqrafiya və kitab mədəniyyətinə, həmçinin müasir ədəbi prosesin əsas istiqamətləri və imzaları haqqında çoxsaylı tədqiqatları onun elmi maraq dairəsinin genişliyini göstərməklə yanaşı, alimin bir tədqiqatçı kimi fərdi təhlil üsulunun da üstünlüklərini üzə çıxardır. Öz yaradıcılığının əhatə dairəsi və tədqiqat üsulunu müəyyən edən şərtləri izah edərkən yazırdı: “Belə bir tədqiqat üsuluna şəxsi arzudan daha artıq milli ədəbiyyatın özünəməxsus xüsusiyyətlərindən irəli gələn bir hal kimi baxılsa, daha doğru olar. Çünki dünya xalqlarının çoxu kimi, azərbaycanlıların da son iki əsrdəki mənəvi inkişafına ədəbiyyatla teatr, mətbuatla elm, musiqi ilə kitab vəhdət halında, bir-biri ilə bağlı ideoloji və estetik tərbiyə vasitələri halında xidmət etmişdir. Bunu bir çox Azərbaycan xadimlərinin eyni zamanda mədəniyyətin müxtəlif sahələrində səylə çalışmaları faktı aşkar etməkdədir”.

    Arxiv, sənəd, fakt yığımı ilə tarixi dövrlərin ictimai, fəlsəfi, siyasi, ədəbi, dini institutları arasındakı dialektik vəhdəti nəzərə alaraq onlar arasındakı əlaqənin mahiyyətini üzə çıxartmaqla elmi ümumiləşdirmələr aparmaq Ə.Mirəhmədovun bir ədəbiyyatşünas kimi seçdiyi təhlil üsulu, tədqiqatçılıq keyfiyyətidir. Buna görə də müasir demokratik mövqedən yanaşanda onun əsərləri elmi fikrin yeni mərhələsində “əliboş” qalmır. Əksinə, XIX və XX əsrlər bədii fikri haqqında yenidən düşünməkdə fakt, sənəd cəbbəxanası, mübahisə, mühakimə təcrübəsi kimi yaşamaq hüququnu ehtiva edir. Digər tərəfdən, alimin Avropa və rus ədəbiyyatşünaslıq məktəbləri ilə yanaşı, Şərq, xüsusən türk ədəbiyyatşünaslıq və estetik fikrinə eyni dərəcədə bələdliyi onun tədqiqatlarında birtərəfli qiymətləndirmə və təhlil prinsiplərini, əsasən, aradan götürür.

Bədii fikir tariximizin XIX əsr və XX əsrin əvvəlləri dövrünü ideya-poetik cəhətdən yeni mərhələ kimi mənalandıran amillərin kompleks şəklində öyrənilməsində onun da xidmətləri böyükdür. O, müəllimləri və yaşıdları ilə birgə bu tarixi epoxaların ədəbi fikrinin mürəkkəb inkişaf yolunu öyrənməyin nəzəri-metodoloji əsaslarını hazırlamaqla yanaşı, ictimai fikir cərəyanları ilə ədəbi fikrin əlaqələrini, bu əlaqələrin milli və regional baxımdan düzgünlüyünü üzə çıxartmaqda ciddi nailiyyət qazanmışdır. “Azərbaycanda Mirzə Fətəli əsri” nin Əziz müəllimin tədqiqatlarında ardıcıl yer tutması həmin dövrün ictimai və ədəbi hadisələrinin xalqımızın tarixi tərəqqisində böyük tarixi mənası ilə bağlı idi.

    Ə.Mirəhmədovun XIX əsrin ədəbiyyatının əsas simaları, onların ədəbi irsinin üzə çıxarılması sahəsindəki fəaliyyəti XIX əsr ədəbiyyatını konkret problemlər, o cümlədən ayrı-ayrı   ədəbi-estetik kateqoriyaların bu dövrdə ədəbiyyatımızda təşəkkülü, təkamülü baxımından öyrənməkdə elmi fikri zəngin faktlarla, tarixi əsəri qiymətləndirməyin real təcrübəsi ilə təmin etdi. XIX əsrdə formalaşmış yeni tipli ədəbiyyatın bir çox kateqoriyaları XX əsr gerçəkliyinin səciyyəsi ilə bağlı yeni inkişaf dövrünə daxil olur. Ə.Mirəhmədovun ən böyük tarixi xidmətlərindən biri məhz XX əsr ədəbiyyatı ilə bağlı faktik materialın üzə çıxarılmasında gördüyü titanik işdir. 40-cı illərdə bu dövrün tədqiqindəki mövcud çətinliklərdən bəhs edərkən yazırdı: “…Müharibə illərində və bir qədər ondan sonra hətta ədəbi-tarixi faktların böyük bir hissəsinin sadəcə toplanılıb sistemə salınması və tədqiqata cəlb olunması vacib idi; bunsuz nə ədəbiyyat tarixinin bütöv mənzərəsini yaratmaq, nə də böyük problemlərin əsl elmi həllinə nail olmaq mümkün idi”. O dövrdəki tədqiqatlarda nəzəri ümumiləşdirmənin istənilən səviyyədə olmamasını, təsvirçiliyin köklərini sonralar aydınlaşdıraraq yazırdı: “Tədqiqatın xeyli vaxt aparan, üzücü texniki çətinlikləri, məsələn, qiymətli arxiv sənədlərinin, əlyazma və mətbu mətnlərin minlərcə səhifəsinin əllə köçürülməsi bəzən həmin faktoqrafik materialın elmi-nəzəri cəhətdən kifayət qədər dərindən dərk olunub mənalandırılması imkanını da azaldırdı. Hələ onu demirik ki, ta 60-cı illərin axırlarına qədər “Molla Nəsrəddin” jurnalı kimi birinci dərəcəli əhəmiyyətə malik bir məxəz, nə Bakının, nə də Tbilisi, Moskva, Leninqrad və başqa şəhərlərin arxivində tam komplekt halında toplanmamışdı, bu jurnalın ictimai-ədəbi təsiri, nəşri tarixi, ədəbiyyat və mətbuat tarixindəki mövqeyi haqqında çox az şey məlum idi”.

XX əsr ədəbiyyatı və mətbuatımızın görkəmli bilicisi və tədqiqatçısı kimi, ədibin uzun illərdən bəri əldə etdiyi elmi araşdırma təcrübəsi, universal tədqiqatçılıq keyfiyyəti “Azərbaycan Molla Nəsrəddini” monoqrafiyasında əyaniləşdi. Bu əsər təkcə Ə.Mirəhmədovun yox, ümumilikdə ədəbiyyatşünaslıq elmimizin müəyyən tarixi bir dövrünün yekunu və nailiyyəti oldu. Monoqrafiyada M.Cəlilin milli mətbuat, publisistika tariximizdə əvəzsiz xidmətləri “Mollanəsrəddinçilik” fikir cərəyanını şərtləndirən ədəbi, ictimai və estetik problemlərin fonunda professional elmi şərhini tapmışdır. C.Məmmədquluzadənin mənəvi mədəniyyətimizin yüksəlişində böyük tarixi xidmətləri kitabda zəngin arxiv sənədləri, yeni fakt və mülahizələrlə əyaniləşdirilir.

   Ə.Mirəhmədovun XX əsr Azərbaycan romantizminin tədqiqi sahəsindəki fəaliyyəti bu gün daha mənalı görünür. Onun A.Şaiq, M.Hadi, A.Səhhət haqqında monoqrafiyaları, çoxsaylı məqalələri XX əsr romantizminin tarixi və nəzəri problemlərini həll etməyə güclü təkan verdi. M.Hadinin ədəbi irsi məhz Ə.Mirəhmədovun inadı, vətəndaşlıq səyi nəticəsində xalqa çatdırıldı, bu böyük sənətkarın bədii fikir tariximizdə yeri onun çoxsaylı elmi axtarışları nəticəsində müəyyən olundu. Ə.Mirəhmədovun romantiklərə həsr edilmiş araşdırmalarında bu sənətkarların fərdi yaradıcılığı XX əsr romantizminin            ideya-bədii prinsipləri ilə vəhdətdə şərh edilir.

  Bədii ədəbiyyatımızın və mətbuat tariximizin inkişaf mərhələlərinə,  klassiklərimizin  və müasir ədiblərimizin həyatına, şəxsiyyətinə onların milli mədəniyyətlərə münasibətinə, bu mədəniyyətlərin qabaqcıl nümayəndələri ilə məfkurəvi həmrəyliyinə, cəmiyyət hadisələri ilə, mühüm     siyasi-ictimai təbəddülatlarla əlaqəsinə  aid tarix ədəbi faktları diqqətlə, məhəbbətlə, xüsusi səliqə ilə ortaya çıxarıb öyrənmək, mənalandırmaq və aydınlaşdırmaq səyi, böyük zəhmət tələb edən dəqiq, ehtiraslı elmi axtarıcılıq ədəbiyyatşünas və tənqidçi Ə.Mirəhmədovun özünəməxsus tədqiqatçılıq üsuludur.

    Ə.Mirəhmədovun tədqiqləri ədəbi-elmi məxəz və faktların zənginliyi, mühakimələrin dürüstlüyü, inanadırıcılığı və yaradıcılığın psixologiyasına nüfuz etmək səyi ilə fərqlənir. Üzə çıxarılan faktların bir çoxu ədəbiyyat və mətbuat tarixində, bu və ya başqa yazıçının yaradıcılığında uzun zaman qaranlıq qalmış bəzi məsələlərin, cəhətlərin işıqlandırılmasında istər müəllifin özünə, istərsə onun həmkarlarına kömək edir. Belə ədəbi-tarixi həqiqətlər gələcək tədqiqatların dairəsini genişləndirməyə və məzmunu dərinləşdirməyə kömək etdiyi üçün əhəmiyyətlidir.

     Klassik sənətkarların həyat və yaradıcılığın öyrənilməsinə xüsusi diqqət və qayğı ilə yanaşan Ə.Mirəhmədov onların bədii irsinin toplanılmasına və və nəşrinə böyük zəhmət, əmək sərf edən alim idi.  Ümumi həcmi min müəllif vərəqindən çox olan 30-dan artıq kitabı tərtib və təhsil etmək, mətn mətbəədə yazılandan sonra korrekturasını oxumaq, onlara müqəddimə, elmi izah, şəhr, qeyd yazmaq-belə bir zəhmətin ağırlığını öz üzərinə götürüb, öhdəsindən bacarıqla gəlmək işi ilə filoloq-alimlər arasında ən çox  Əziz Mirəhmədov fəxr edə bilərdi!

  Azərbaycan müstəqillik qazandıqdan sonra qocaman alim qarşısında demək olar ki, heç bir maneə qalmamışdı. Belə ki, o artıq görkəmli vətənpərvər və millətçi ziyalılarımızdan Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu haqqında da geniş araşdırmalar aparır, onların yaradıcılığını və bioqrafiyalarını xalqa olduğu kimi çatdırmağa çalışırdı. Halbuki, bir vaxtlar bu vətənsevər şəxsiyyətlərin ünvanına xoş söz demək sovet dövlətini təhqir etməyə bərabər idi. Qocaman alim “Vətənpərvər” qəzetinə verdiyi müsahibədə Əli bəy Hüseynzadə haqqında deyirdi: “Əli bəy Hüseynzadə bizim ən bədbəxt mütəfəkkirimizdir. Hansı epitet qalıb ki, onun haqqında söyləməyək? Bircə faşist sözünü işlətməmişik onun adının qabağında. Biz Əli bəyin əsərlərində, şəxsiyyətində olan işığı, həqiqəti görə bilməmişik. Biz də görə bilməmişik, bizim müəllimlərimiz də görə bilməyib, heç müəllimlərimizin müəllimləri də görə bilməyib” (Aslan Salmansoyun xatirələrindən).

   Ə.Mirəhmədov öz işinə təkcə ədəbiyyatşünas alim kimi deyil, həm də vətənsevər vətəndaş kimi yanaşırdı. O, Azərbaycanın tarixi keçmişinə aid hər bir çaların millətin, xüsusən də gənc nəslin yaddaşında yaşaması üçün əlindən gələni edirdi. Onun Ə.Cəfərzadə, S.Rüstəm, B.Vahabzadə və X.Məmmədov ilə birlikdə böyük söz ustadı M.Füzulinin mənsub olduğu Bayat qəbiləsinin adını daş abidə ilə əbədiləşdirilməsi üçün o zaman ki, respublika rəhbərliyinə etdikləri 2 dekabr 1983-cü il tarixli yazılı müraciət buna bariz sübutdur.

Gundelik.az