İsveçrə Avropa İttifaqının (Aİ) qəbul etdiyi 18-ci sanksiyalar paketinə uyğun olaraq, Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, yeni qərara əsasən, 14 fiziki şəxs və 41 təşkilat sanksiya siyahısına əlavə olunub.
Sanksiyalara görə, bu şəxslərin və qurumların aktivləri dondurulur, onlara iqtisadi resursların verilməsi qadağan edilir. Həmçinin onların İsveçrəyə girişi və ölkə ərazisindən tranzit keçməsi yasaqlanır. Siyahıya Rusiya və beynəlxalq şirkətlərə məxsus “kölgə donanması” gəmilərini idarə edən qurumlar, Rusiya neft ticarəti ilə məşğul olanlar və Rusiya hərbi-sənaye kompleksinə tədarükçülər daxildir.
Bundan əlavə, üçüncü ölkələrə məxsus 105 gəminin alqı-satqısı və texniki xidmətinə tam qadağa qoyulub. Bu gəmilər əsasən Rusiya xam nefti və neft məhsulları üçün müəyyən edilmiş qiymət həddini aşan tankerlər və Rusiya üçün hərbi yük daşıyan vasitələrdir.
İsveçrə həmçinin Rusiya xam neftinin qiymət tavanını Aİ kimi 47,6 dollar/barelə endirib.
Aİ Şurası Rusiyaya qarşı 18-ci sanksiyalar paketini iyul ayında təsdiqləmişdi.
Gundelik.az

