Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyanın mayeləşdirilmiş təbii qazı (LNG), bank sektoru, kriptovalyuta əməliyyatları və “kölgə donanması” adlanan neft daşıyan gəmiləri hədəf alan yeni sanksiyalar paketini təsdiqləyiblər.
Gundelik.az xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen açıqlamasında bildirib ki, üzv dövlətlər Rusiyaya qarşı 19-cu sanksiya paketini qəbul ediblər.
Onun sözlərinə görə, bu addım Moskvanın müharibə iqtisadiyyatına birbaşa zərbə vurmaq məqsədi daşıyır:“İlk dəfə olaraq Rusiyanın təbii qaz sektorunu hədəfə alırıq. Ukrayna xalqı ədalətli və davamlı sülhə nail olana qədər biz geri addım atmayacağıq,” – deyə fon der Leyen vurğulayıb.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da açıqlamasında yeni sanksiyaların Rusiya banklarını, kriptovalyuta əməliyyatlarını, həmçinin Hindistan, Çin və Rusiyadakı bəzi təşkilatları əhatə etdiyini bildirib. O qeyd edib ki, paket çərçivəsində rus diplomatlarının fəaliyyətinə məhdudiyyətlər qoyulacaq və bu, Rusiyanın Ukraynada müharibəni maliyyələşdirməsini çətinləşdirəcək.
Yeni qərara əsasən, Aİ ölkələri 2027-ci ilin yanvarına qədər Rusiyadan LNG idxalını tam dayandırmağı planlaşdırır. Bundan əlavə, neft daşıyan 100-dən çox tanker də sanksiya siyahısına daxil ediləcək.
Qeyd edək ki, Aİ Komissiyası bu sanksiya təklifini ötən ay üzv ölkələrə təqdim etmişdi. Paket yalnız 27 üzv dövlətin yekdil razılığı ilə qüvvəyə minə bilər. Məlumatlara görə, Slovakiya ilkin mərhələdə sənədə veto qoyub.
Hazırda Aİ-nin Rusiyaya qarşı sanksiyaları ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat və lüks mallar sektorlarını əhatə edir. Məhdudiyyətlər çərçivəsində xam neftin və bəzi neft məhsullarının idxalına qadağa qoyulub, bir sıra Rusiya bankları SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılıb, həmçinin bir çox Rusiya media orqanlarının fəaliyyəti dayandırılıb.
Ümumilikdə, 2500-dən çox şəxs və qurum hazırda Aİ-nin sanksiya siyahısına daxildir.
Gundelik.az

