Ukrayna Prezidenti Volodimir Zelenski Berlində təhlükəsizlik zəmanətləri ilə bağlı aparılan danışıqlarda ABŞ ilə irəliləyiş əldə edildiyini qeyd edib. Avropa liderləri Ukraynaya gələcəkdə Rusiyanın mümkün hücumuna qarşı, o cümlədən hərbi vasitələrlə dəstək verəcəklərinə söz veriblər. Lakin ərazi məsələlərində hələ də fikir ayrılıqları qalır.
Zelenski ABŞ rəsmiləri ilə 2 günlük görüşdən sonra irəliləyiş əldə edilməsini yüksək qiymətləndirib. Məqsəd isə 10 ildən artıq davam edən təcavüz dövrünü sona çatdırmaqdır.
Lakin ərazi məsələləri və xüsusilə ABŞ tərəfindən veriləcək təhlükəsizlik zəmanətlərinin praktikada necə işləyəcəyi ilə bağlı suallar hələ də qalmaqdadır.
Avropa liderləri görüşlərin nəticələrini müsbət qarşılayıblar və sonrakı açıqlamalarında təqdim ediləcək dəstək tədbirlərini sadalayaraq bunların “silahlı qüvvə, kəşfiyyat və logistika yardımı, iqtisadi və diplomatik tədbirlər”i əhatə edəcəyini bildirib.
Bazar ertəsi axşamı yayımlanan birgə bəyanatda Avropa liderləri Ukraynaya təqdim etməyə hazır olduqları təhlükəsizlik zəmanətinə daxil olan tədbirləri ətraflı şəkildə açıqlayıblar. Bunlara Ukrayna Silahlı Qüvvələrinə “davamlı və əhəmiyyətli dəstək” verilməsi, sülh vaxtında təxminən 800000 nəfərlik qüvvənin mövcudluğu və Avropa rəhbərliyində fəaliyyət göstərəcək “çoxmillətli qüvvə”nin yaradılması daxildir. Bu təşəbbüs Fransa və Birləşmiş Krallığın sədrliyi ilə fəaliyyət göstərən “İstəkli Qüvvələr Koalisiyası”nın işinə əsaslanır.
Mənbə: Euronews
Tərcümə etdi: Gülçin Abdullayeva

