Avropa İttifaqı (Aİ) Rusiya hərbi-sənaye kompleksini dəstəklədiyi iddia olunan Çin də daxil olmaqla üçüncü ölkələrin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.
Gundelik.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas sosial media hesabında məlumat verib.
“Bu gün biz üçüncü ölkələrdə, o cümlədən Çində Rusiya hərbi-sənaye kompleksinə dəstək göstərən əsas şirkətlərin siyahısını tərtib etməyi təklif edirik”, – Kallas qeyd edib.
Bundan əvvəl, sentyabrın 13-də ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinə göndərdiyi məktubda Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib. Lakin o, bunun üçün alyansın bütün üzvlərinin qərar qəbul etməli və Rusiya neftinin alınmasını dayandırmalı olduğunu vurğulayıb.
Tramp həmçinin bəyan edib ki, NATO ölkələri Çinə qarşı 50–100 faiz arasında tariflər tətbiq etməlidirlər. ABŞ lideri Rusiya prezidenti Vladimir Putinə səbrinin “tez tükəndiyini” də qeyd edib.
Qərb mənbələri isə Trampın Aİ-yə təzyiqlərinin Avropanın Rusiya enerji resurslarından imtina etməsinə təsir edib-etməyəcəyini müzakirə edib.
Gundelik.az

