Avqust 27, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

İsti havalarda qida zəhərlənməsinə diqqət

Yay aylarında temperaturun yüksəlməsi qida zəhərlənməsi hallarının artmasına səbəb olur. Xüsusilə körpələr, azyaşlı uşaqlar, yaşlılar, hamilələr, xroniki xəstəlikləri olanlar, xərçəng xəstələri və immun sistemi zəiflədən dərmanlar qəbul edən şəxslər daha riskli qrup hesab olunur.

Qida zəhərlənməsi əsasən mikroorqanizmlər və onların toksinləri ilə çirklənmiş və ya xarab olmuş qidaların qəbul edilməsi nəticəsində yaranır. İsti hava bakteriyaların daha sürətlə çoxalması üçün əlverişli şərait yaradır. Qidaların düzgün soyudulmaması, uzun müddət otaq temperaturunda saxlanılması və açıqda satılan məhsulların istehlakı riski artırır.

Ən çox rast gəlinən əlamətlər ürəkbulanma, qusma, ishal və qarında spazm tipli ağrılardır. Əksər hallarda şikayətlər bir neçə gün ərzində azalır. Lakin güclü qusma, şiddətli ishal, ciddi maye itkisi, qanlı ishal və yüksək hərarət müşahidə olunarsa, həkimə müraciət etmək lazımdır.

Müalicədə əsas məqsəd qusma və ishal nəticəsində itirilən maye və elektrolitləri bərpa etməkdir. Bol maye qəbul etmək, mineral su və duzlu ayran içmək faydalıdır. Maye ağızdan qəbul edilə bilmədikdə və ya itki çox olduqda xəstəxanada venadaxili maye-elektrolit müalicəsinə ehtiyac yaranır.

Qida zəhərlənməsindən necə qorunmalı?

Ət, toyuq və dəniz məhsullarını təzə alın və yaxşı bişirin.

Meyvə-tərəvəzi yaxşı yuyun.

Qidaların son istifadə tarixini yoxlayın.

Yumurtanı çiy və ya az bişmiş halda yeməyin.

Bişmiş yeməkləri 1–2 saatdan artıq otaq temperaturunda saxlamayın.

Artıq qalan yeməkləri soyuducuda saxlayın və 2–3 gün ərzində istehlak edin.

Yay aylarında qidaların saxlanma temperaturuna və gigiyenaya xüsusi diqqət yetirin.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az