Yay aylarında temperaturun və rütubətin artması, xüsusilə xroniki böyrək xəstələri və dializ xəstələri üçün ciddi risklər yaradır. Həddindən artıq tərləmə və maye itkisi böyrəklərə gedən qan axınını azalda, kreatinin və elektrolit göstəricilərində sürətli dəyişikliklərə səbəb olur.
Türkiyə Böyrək Fondunun sədri Timur Erk Türkiyədə hər 6–7 nəfərdən birinin xroniki böyrək xəstəliyi riski daşıdığına diqqət çəkərək, isti havalarda kifayət qədər maye qəbul etməyin vacibliyini vurğulayıb. Erk bildirib ki, isti hava böyrək xəstələrinə sağlam insanlarla müqayisədə daha çox təsir göstərir: “Həddindən artıq istilər və susuzluq böyrəklərin üzərindəki yükü daha da artıracaq.”
Nefroloq Dos. Dr. Nadir Alpay da xüsusilə xroniki böyrək xəstələrində və dializ xəstələrində yay aylarında həddindən artıq tərləmə, yüksək temperatur və susuzluğun qan göstəricilərində sürətli və nəzərəçarpacaq dəyişikliklərə səbəb ola biləcəyini bildirib.
Onun sözlərinə görə, böyrəklərin maye və elektrolit balansını tənzimləmək qabiliyyəti azaldıqda, isti hava kimi xarici amillər orqanizmin həssas tarazlığını daha asan pozur.
İsti havalarda tərləmə nəticəsində orqanizm yalnız su deyil, natrium və kalium kimi elektrolitləri də itirir. Kifayət qədər maye qəbul edilmədikdə qan damarlarında dövr edən qanın həcmi azalır. Bu isə böyrəklərə çatan qan axınının zəifləməsinə səbəb olur.
Böyrəklər belə vəziyyətdə süzmə sürətini azaldaraq orqanizmdə mayeni qorumağa çalışır.
Yüksək temperatur, həddindən artıq tərləmə, hamam və sauna kimi intensiv istiyə məruz qalma nəticəsində yaranan maye itkisi böyrəklərə gedən qan axınını azaldır.
Kreatin yüksələ bilər
Dr. Alpay qeyd edib ki, kreatin böyrəklər vasitəsilə orqanizmdən xaric edildiyinə görə böyrəklərin qanla təchizatının azalması qanda kreatinin səviyyəsinin yüksəlməsinə səbəb olur.
Bu yüksəlmə hər zaman böyrəklərdə qalıcı zədələnmə olduğu anlamına gəlmir. Söhbət maye itkisi ilə əlaqəli müvəqqəti dəyişiklikdən də gedir. Lakin maye itkisi vaxtında müəyyən edilməz və aradan qaldırılmazsa, xüsusilə xroniki böyrək xəstələrində kəskin böyrək zədələnməsi yarana və mövcud böyrək xəstəliyinin irəliləməsi riski arta bilər.
Xroniki böyrək xəstələrində xüsusilə kalium balansının pozulması mühüm əhəmiyyət daşıyır. Qanda kaliumun yüksəlməsi ürək ritmi baxımından ciddi problemlərə səbəb olur. Buna görə də bu xəstələr isti havalarda daha diqqətli olmalıdırlar.
Natrium səviyyəsi isə itirilən su və elektrolitin miqdarından, həmçinin insanın mövcud xəstəliklərindən asılı olaraq fərqli istiqamətlərdə dəyişir.
Bu səbəbdən xroniki böyrək xəstələri isti havalarda özbaşına həddindən artıq su və ya elektrolit qəbul etmək əvəzinə, həkimlərinin tövsiyə etdiyi maye və qidalanma planına əməl etməlidirlər.
Hamam və sauna böyrək xəstələri üçün risklidir
Yüksək temperatur və güclü tərləmə səbəbindən hamam və sauna, xüsusilə xroniki böyrək xəstələri üçün diqqət tələb edən məkanlar sırasındadır.
Bu mühitlərdə qısa müddətdə əhəmiyyətli miqdarda maye itkisi baş verir. Böyrək funksiyaları artıq zəifləmiş insanlarda bu vəziyyət maye-elektrolit balansının daha sürətlə pozulmasına və böyrək funksiyalarının kəskin pisləşməsinə səbəb olur.
Buna görə xroniki böyrək xəstələrinin sauna, hamam və uzun müddət intensiv istiyə məruz qalmaqla bağlı həkimləri ilə məsləhətləşmələri vacibdir.
Alpay isti havalarda müşahidə olunan kreatinin yüksəkliyinin bəzi hallarda qalıcı böyrək zədələnməsindən deyil, kəskin maye çatışmazlığından qaynaqlana biləcəyini vurğulayıb. Lakin maye itkisi uzun müddət davam edər və ya ağırlaşarsa, kəskin böyrək zədələnməsinə çevrilə bilər.
Bu səbəbdən isti havalarda susuz qalmamaq, həddindən artıq isti mühitlərdən uzaq durmaq və xüsusilə xroniki böyrək xəstəliyi olan insanların həkimlərinin tövsiyələrinə uyğun hərəkət etməsi böyük əhəmiyyət daşıyır.
Dializ xəstələri də səyahət edə bilər
Baş tibb bacısı Figen Gül isə hemodializ xəstələrinin lazımi planlaşdırmanı əvvəlcədən etdikləri halda tətilə gedə biləcəklərini bildirib.
Onun sözlərinə görə, dializ xəstələri tətil planını müalicənin tələblərini nəzərə alaraq hazırlamalıdırlar. Səyahətdən əvvəl ilk növbədə gedəcəkləri ərazidə uyğun dializ mərkəzi tapmalı və tətil tarixləri üçün əvvəlcədən rezervasiya etdirməlidirlər.
Yola çıxmazdan əvvəl xəstə öz dializ mərkəzindən lazımi tibbi sənədləri almalıdır. Son dializ günü epikriz hesabatının götürülməsi, varsa dializ hesabatlarının və xüsusilə seroloji nəticələrin xəstənin yanında olması tövsiyə edilir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
