İstanbulda təsirli olan güclü fırtına şəhərin bir çox hissəsində həyatı iflic edib. Güclü külək nəticəsində bəzi ərazilərdə ağaclar aşıb, binaların damları uçub, nəqliyyat vasitələrinə ziyan dəyib.
Şəhərin müxtəlif hissələrində güclənən fırtına gündəlik həyata mənfi təsir göstərib.
Üsküdar sahilində güclü cənub-qərb küləyi (lodos) səbəbindən dənizdə dalğaların hündürlüyü artıb, vətəndaşlar sahilboyu hərəkət etməkdə çətinlik çəkiblər. Küləyin təsiri ilə sahildə qurulmuş çadırdan qopan hissə bir nəfərin üzərinə düşüb.
Fatihin Laləli məhəlləsində güclü külək nəticəsində ağac yola aşıb və nəqliyyatda qısamüddətli fasilə yaranıb.
Zeytinburnunun Beştelsiz məhəlləsində bir binanın damı çöküb, Esenlerin Oruç Reis məhəlləsində isə güclü külək binanın damını uçurub.
Bahçelievlerin Kocasinan məhəlləsində və Beyoğlunun Okmeydanı ərazisində damlardan qopan hissələr küləyin təsiri ilə küçəyə səpələnib.
Bahçelievlerin Çavuşpaşa prospektində aşan ağac park halında olan motosiklet və avtomobilə ziyan vurub. Esenyurtdakı Kozapark yaşayış kompleksində də güclü külək səbəbindən binalardan birinə zərər dəyib.
Ümraniyədə güclü külək piyadaların hərəkətini çətinləşdirib, hərəkətdə olan motosiklet sürücüləri də çətin anlar yaşayıblar. Rayonda küləklə yanaşı zəif yağış da müşahidə olunub.
Qum fırtınası çətin anlar yaşatdı
Beykozun Burunbahçe ərazisində dənizə girən insanlar güclü külək başlayandan sonra sahildən uzaqlaşmağa məcbur olublar. Sahildə fəaliyyət göstərən səyyar satıcılar isə yaranan qum fırtınası səbəbindən çətin anlar yaşayıblar.
Küçükçekmece, Sarıyer, Qaziosmanpaşa, Sefaköy, Büyükçekmece və Başakşehir rayonlarında küləyin yaratdığı toz buludu bəzi ərazilərdə görmə məsafəsini azaldıb. Sürücülər yollarda ehtiyatla hərəkət ediblər, hündürmərtəbəli binaların yuxarı mərtəbələri isə toz buludu səbəbindən görünməz olub.
Hadisə ilə bağlı daxil olan məlumatlardan sonra ərazilərə yanğınsöndürən, polis və bələdiyyə əməkdaşları cəlb edilib. Hazırda ziyanın qiymətləndirilməsi və təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər davam etdirilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

