Gundelik.az Mədəniyyət və cəmiyyət Arıqlama dərmanları saç tökülməsi riskini artırırmı?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Arıqlama dərmanları saç tökülməsi riskini artırırmı?

Tip 2 diabet və piylənmənin müalicəsində istifadə olunan GLP-1 qrupuna aid Ozempic və Wegovy kimi dərmanların saç tökülməsi (alopesiya) riskini artıra biləcəyi müəyyən edilib.

ABŞ-ın Pensilvaniya Universitetinin tədqiqatçıları tərəfindən aparılan və The BMJ jurnalında dərc olunan araşdırmada GLP-1 preparatları tip 2 diabetin müalicəsində istifadə edilən digər iki dərman qrupu – SGLT-2 və DPP-4 inhibitorları ilə müqayisə olunub.

Risk digər dərmanlarla müqayisədə daha yüksəkdir

Araşdırma çərçivəsində 12 mindən çox GLP-1 istifadəçisinin məlumatları SGLT-2 və DPP-4 inhibitorlarından istifadə edən minlərlə xəstənin göstəriciləri ilə müqayisə edilib.

Yaş, cins, mövcud xəstəliklər və digər amillər nəzərə alınmaqla aparılan təhlillər nəticəsində müəyyən olunub ki, GLP-1 preparatlarından istifadə edənlərdə saç tökülməsi riski SGLT-2 inhibitorları ilə müqayisədə 37 faiz, DPP-4 inhibitorları ilə müqayisədə isə 68 faiz daha yüksəkdir.

Mütəxəssislər bildiriblər ki, müşahidə olunan saç tökülməsi əsasən çapıq qoymayan alopesiya növünə aiddir. Bu isə tökülən saçların zamanla yenidən çıxma ehtimalının yüksək olduğunu göstərir.

Səbəb sürətli çəki itkisi və qida çatışmazlığı ola bilər

Tədqiqatçılar hesab edirlər ki, GLP-1 preparatlarının yaratdığı sürətli çəki itkisi, həmçinin dəmir və sink kimi mineralların səviyyəsində baş verən dəyişikliklər saçın təbii böyümə dövrünə mənfi təsir göstərə bilər.

Orqanizmdə qidalanma balansının pozulmasının müvəqqəti saç tökülməsi növü olan telogen effluvium vəziyyətini tətikləyə biləcəyi qeyd olunub.

Araşdırmada vurğulanıb ki, ümumi risk aşağı səviyyədədir. Məlumatlara əsasən, ildə hər 1000 nəfərdən təxminən 7 nəfərdə saç tökülməsi müşahidə olunur. Bu göstərici SGLT-2 inhibitorlarından istifadə edənlərdə 5 nəfər, DPP-4 inhibitorlarından istifadə edənlərdə isə 4 nəfər təşkil edir.

Mütəxəssislər bildirirlər ki, risk aşağı olsa da, bu nəticələr müalicə planı hazırlanarkən nəzərə alınmalı və mümkün yan təsirlər hər bir xəstə üçün fərdi şəkildə qiymətləndirilməlidir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version