Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda meşəlik ərazidə baş verən yanğının nəzarət altına alınması istiqamətində işlər fasiləsiz davam etdirilir. Yanğının söndürülməsinə 417 nəfərlik şəxsi heyət, 126 texnika və xüsusi təyinatlı iş maşını cəlb olunub.
Yanğın Gökçeovacık məhəlləsində meşəlik ərazidə hələlik məlum olmayan səbəbdən başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Muğla Meşə Regional İdarəsinin və Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə briqadaları göndərilib.
Güclü küləyin təsiri ilə alov qısa müddətdə genişlənərək İnlice məhəlləsinə qədər yayılıb. Təhlükəsizlik məqsədilə məhəllədəki bəzi evlər təxliyə edilib.
Havanın qaralmasından sonra yanğının söndürülməsi istiqamətində işlər qurudan davam etdirilib.
Muğla valisi İdris Akbıyık, Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Aras və digər səlahiyyətli şəxslər yanğın bölgəsində araşdırmalar aparıblar.
Vali Akbıyık bildirib ki, yanğın əvvəlcə meşə fonduna daxil olmayan ərazidə başlayıb, daha sonra meşəlik sahəyə keçib. Alovun sürətlə yayılmasından sonra AFAD-ın koordinasiyası ilə böhran qərargahı yaradılıb və bütün dövlət qurumları, özəl sektor nümayəndələri, eləcə də vətəndaşlar yanğının söndürülməsinə səfərbər olunublar.
Onun sözlərinə görə, yanğının söndürülməsinə Türkiyənin müxtəlif vilayətlərindən əlavə qüvvələr cəlb edilib.
Vali qeyd edib ki, hazırda yanğının intensivliyi böyük ölçüdə azaldılıb və bütün qüvvələr səhər saatlarınadək mübarizəni davam etdirəcək.
“Hazırda ərazidə 417 nəfər xidmət aparır. Əməliyyata Meşə Baş İdarəsi, AFAD, polis, jandarma, Dövlət Su İşləri, səhiyyə qurumları, MUSKİ, Böyükşəhər Bələdiyyəsi və rayon bələdiyyələri cəlb olunub. Ümumilikdə 126 texnika və iş maşını yanğının söndürülməsində iştirak edir. Gün işığında alova 5 təyyarə və 14 helikopterlə havadan müdaxilə edilib. Qurudan isə 53 yanğınsöndürən avtomobil, 16 su tankeri, 5 çevik müdaxilə maşını, 17 iş texnikası, 6 TOMA, 1 təcili tibbi yardım avtomobili, 1 qayıq və 1 mobil rabitə stansiyası ilə işlər davam etdirilir”, – deyə Akbıyık bildirib.
Vali yüksək hava temperaturu, aşağı rütubət və güclü küləyin yanğının geniş əraziyə yayılmasına səbəb olduğunu vurğulayıb.
Akbıyık bildirib ki, yanğının Göcek yaxınlığında, Fethiyenin ən gözəl və turizm baxımından əhəmiyyətli bölgələrindən birində baş verməsi səbəbindən əsas prioritet ərazidə yaşayan insanların və turistlərin təhlükəsizliyinin təmin edilməsi olub.
“Şükürlər olsun ki, can itkisi yoxdur”, – deyə vali əlavə edib.
O, vətəndaşları valilik tərəfindən girişi qadağan edilən ərazilərə daxil olmamağa, xüsusilə də anız və məişət tullantılarının yandırılmaması ilə bağlı qaydalara ciddi əməl etməyə çağırıb.
Vali həmçinin yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının araşdırmalar apardığını bildirib.
“Muğla meşə yanğınları ilə mübarizə sahəsində təcrübəli bölgələrdən biridir. Dövlətimizin bütün imkanları səfərbər edilib. AFAD-ın Koordinasiya Mərkəzi vasitəsilə proses effektiv şəkildə idarə olunur. Dəstək göstərən bütün dövlət qurumlarına, özəl sektora və həssaslıq nümayiş etdirən vətəndaşlarımıza təşəkkür edir, hər kəsə ‘keçmiş olsun’ diləyirəm”, – deyə İdris Akbıyık vurğulayıb.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

