Gundelik.az Mədəniyyət və cəmiyyət Sağlam beyin üçün əsas vərdişlərə diqqət
Mədəniyyət və cəmiyyət Xəbərlər

Sağlam beyin üçün əsas vərdişlərə diqqət

Nevrologiya mütəxəssisləri sağlam beyin təməlinin ana bətnində qoyulduğunu bildirərək, müntəzəm yuxu, düzgün qidalanma və fiziki aktivliyin həyat tərzinə çevrilməsinin vacibliyini vurğulayıblar.

Ondokuz Mayıs Universitetinin Tibb Fakültəsinin Nevrologiya kafedrasının müdiri və Türkiyə Nevrologiya Dərnəyinin sədri professor Murat Terzi 22 iyul – Dünya Beyin Günü münasibətilə bildirib ki, beyin sağlamlığına diqqət yalnız bir günlə məhdudlaşmamalıdır.

Onun sözlərinə görə, ətraf mühitin çirklənməsi, elektromaqnit sahələr, duz və siqaret istifadəsi, piylənmə, yanlış qidalanma vərdişləri, eləcə də genetik amillər Alzheimer, dağınıq skleroz (MS) və Parkinson kimi nevroloji xəstəliklərin riskini artırır.

Professor Terzi qeyd edib ki, sağlam beyin üçün tədbirlər hələ ana bətnindən başlanmalıdır. O, Aralıq dənizi tipli qidalanmanı, duz və yağ qəbulunun azaldılmasını, tərəvəz və meyvə ilə zəngin rasionu, siqaret və alkoqoldan uzaq durmağı tövsiyə edib. Həmçinin qapalı məkanlarda ekran qarşısında keçirilən vaxtın azaldılması, gecə saatlarında Wi-Fi və telefon kimi elektromaqnit şüalanması yaradan cihazlardan uzaq qalmağın da faydalı olduğunu bildirib.

Mütəxəssis fiziki aktivliyin də beyin sağlamlığında mühüm rol oynadığını vurğulayaraq həftədə ən azı 2–3 dəfə gəzinti və idman etməyi, normal çəkinin qorunmasını tövsiyə edib. Onun sözlərinə görə, arterial təzyiq və şəkərli diabet kimi xəstəliklərin nəzarətdə saxlanılması beyin qan dövranı pozğunluqları və digər nevroloji problemlərin qarşısının alınmasına kömək edir.

Professor Terzi əlavə edib ki, əhalinin yaşlanması ilə demans, Alzheimer, Parkinson və dağınıq skleroz kimi xəstəliklərin yayılması artır. Bu səbəbdən maarifləndirmənin gücləndirilməsi və profilaktik tədbirlərin ön plana çəkilməsi böyük əhəmiyyət daşıyır.

O, sonda bildirib ki, baş ağrısı, qıcolma, yerimədə çətinlik, görmə itkisi kimi əlamətlər müşahidə olunarsa, vaxt itirmədən nevroloqa müraciət etmək lazımdır. Beyin sağlamlığının qorunması isə sağlam yuxu, düzgün qidalanma və müntəzəm fiziki aktivlik kimi vərdişlərin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsindən başlayır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version