İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai ABŞ-nin birtərəfli şəkildə atəşkəsi uzatma qərarına münasibət bildirərək deyib: “İranın maraqlarını təmin etmək və İran xalqının əldə etdiyi nəticələri möhkəmləndirmək üçün uyğun və zəruri şəraitin yarandığına qərar verdiyimiz zaman addım atacağıq.”
Bəqai İran mətbuatına açıqlamasında bildirib ki, Tehran vəziyyəti diqqətlə izləyir və milli maraqları qorumaq üçün bütün lazımi tədbirləri görür.
O, həmçinin qeyd edib ki, İran Silahlı Qüvvələri hər hansı təhdid və hücuma qarşı ölkəni müdafiə etməyə hazırdır. Bəqai diplomatiyanın da milli maraqların və təhlükəsizliyin təmin olunması üçün bir vasitə olduğunu vurğulayıb və uyğun şərait yarananda bundan istifadə ediləcəyini deyib.
Bəqai əlavə edib ki, İran “təcavüzkarlar və müharibə cinayətkarlarından” hesab sorulması və təzminat alınması üçün bütün imkanlardan istifadə edəcək.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani isə ABŞ-nin dəniz blokadasını dayandırmağa hazır olduğuna dair siqnallar aldıqlarını bildirib. Onun sözlərinə görə, əgər blokada aradan qaldırılarsa, İranla ABŞ arasında növbəti danışıqlar raundu Pakistanın paytaxtı İslamabadda keçirilə bilər.
İravani qeyd edib ki, ABŞ-nin İranın ticarət gəmilərinə qarşı tətbiq etdiyi dəniz blokadası səbəbindən əvvəl planlaşdırılan görüşlər baş tutmamışdı. O, blokadanın ləğvi ilə bağlı işarələr aldığını və bu baş verərsə danışıqların yenidən başlaya biləcəyini deyib.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
