Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 7-8-də Vaşinqtonda görüş keçiriləcək.
Gundelik.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
“Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 7-8-də ABŞ-yə səfər edəcək. Baş nazir Paşinyan Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş ikitərəfli görüş keçirəcək, həmçinin ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığın təşviqi məqsədilə üçtərəfli görüş keçirəcək”, – kabinetin mətbuat xidməti bildirib.
Bundan əvvəl “Washington Post” mənbələrə istinadən Tramp, Paşinyan və Əliyev arasında görüş barədə yazıb. Nəşr görüşdən sonra Bakı ilə İrəvan arasında sülh sazişinin elan oluna biləcəyini istisna etmir.
Paşinyanla Əliyev sonuncu dəfə iyulun 10-da Əbu-Dabidə görüşüb. Həmin vaxt Ermənistan Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, görüşdə “ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin müzakirəsi üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi qərara alınıb”.
Ölkələrin liderləri sərhədlərin delimitasiyası prosesində irəliləyişləri qeyd edərək, müvafiq dövlət komissiyalarına bu istiqamətdə əməli işi davam etdirməyi tapşırıblar. Tərəflər həmçinin ikitərəfli danışıqların davam etdirilməsi və iki ölkə arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin görülməsi barədə razılığa gəliblər.
Gundelik.az
