Meta şirkəti İnstagram-da ictimai (hamıya açıq) hesabların fotolarının süni intellekt vasitəsilə yaradılan şəkillərdə istinad kimi istifadə edilməsinə imkan verən yeni funksiyasını istifadəçilərin və məşhurların sərt etirazlarından sonra cəmi üç gün ərzində ləğv edib.
Mübahisələrə səbəb olan funksiya istifadəçilərin açıq hesabları “@” işarəsi ilə qeyd etməsinə və həmin hesabların profil şəkillərini süni intellekt vasitəsilə yeni görüntülər yaratmaq üçün istifadə etməsinə şərait yaradırdı. Bu isə şəxsin ayrıca razılığı olmadan onun üzünə bənzər süni görüntülərin hazırlanmasına imkan verirdi.
Məlumata görə, funksiya istifadəçi hesablarında standart olaraq aktiv idi və ondan istifadə etmək istəməyənlər bunu ayarlardan söndürməli idilər. Bu hal məxfiliklə bağlı narahatlıqları daha da artırmışdı.
Məşhurlar etiraz etdi
Xüsusilə aktyor və sənətçilər funksiyaya kəskin reaksiya göstəriblər. Aktrisa Hannah Einbinder bildirib ki, sistem istifadəçilərdən açıq və aydın razılıq alınmadan istifadəyə verilib və həmkarlarını, eləcə də digər İnstagram istifadəçilərini funksiyanı deaktiv etməyə çağırıb.
Müzakirələr yalnız məşhurların fotoları ilə məhdudlaşmayıb. İctimai hesabı olan adi istifadəçilərin, eləcə də uşaq və yeniyetmələrin şəkillərinin də süni intellekt məzmunlarında istifadə oluna bilməsi narahatlıq doğurub.
Artan etirazlardan sonra Meta iyulun 10-da digər İnstagram hesablarının fotolarını Muse Image modelində istinad kimi istifadə etməyə imkan verən funksiyanı ləğv edib.
Bununla belə, şirkət Muse Image xidmətini tam dayandırmayıb. İstifadəçilər hələ də mətn əmrləri ilə şəkillər yarada, öz yüklədikləri fotoları redaktə edə və müxtəlif süni intellekt effektlərindən yararlana bilirlər.
“Açıq hesab razılıq demək deyil”
İT mütəxəssisi Osman Demircan bildirib ki, sosial media hesabının hamıya açıq olması paylaşılmış fotoların istənilən məqsədlə sərbəst istifadə edilə biləcəyi anlamına gəlmir.
Onun sözlərinə görə, istifadəçi şəklini sadəcə İnstagram-da paylaşmaq üçün yerləşdirə bilər. Bu isə həmin fotonun süni intellekt tərəfindən emal edilməsinə, dəyişdirilməsinə və ya şəxsin heç vaxt olmadığı bir məkanda göstərilməsinə avtomatik razılıq verdiyi demək deyil.
Demircan vurğulayıb ki, əsas məsələ fotonun istifadə məqsədidir. Şəklin sadəcə görünə bilməsi ilə onun əsasında yeni məzmun yaradılması arasında ciddi hüquqi və etik fərq var.
Mütəxəssis hesab edir ki, belə funksiyalar əvvəlcədən aktiv olmamalı, yalnız istifadəçinin aydın, məlumatlandırılmış və açıq razılığı əsasında işə salınmalıdır. Başqa sözlə, sistem “etiraz etməyən razıdır” prinsipi ilə deyil, yalnız “açıq şəkildə razılıq verən istifadə edə bilər” yanaşması ilə fəaliyyət göstərməlidir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
