Gözləri monitorda, əlləri gorüşür çənəsi altda.
Sıxılan barmaqlar arasında itir məsafə, boğulur sonsuzluq.
Görüşən əllər yeni məkan forması,
masa üzərindəki proyeksiyası – kölgə;
bütün təsvirlər təhrif olunmuş şəklidi həqiqətin.
O, içində dünyanın – kölgə qismində,
dünya onun içində – yanlış modeli gerçəkliyin,
oxuyur müxtəlif ünvanlı bir sətirlik məktubları:
demək, sən də belə; sən də unutdun məni, dost.
demək, sən də belə; sən də atdın məni, dost.
demək, sən də belə; sən də aldatdın məni, dost.
demək, sənsə beləymişsən; unutmadın, atmadın, aldatmadın.
Məktub yazmaq zəiflik əlamətidir hardasa – keçir ağlından,
sıxır klavişin düyməsini: delete.
İnanma, aldanma, utanma – babasi tez-tez nəsihət verərdi ona.
İnandı, aldandı, utandı;
vədlər aldatmaq, inamlar aldanmaq üçündür – düşünür indi.
Biri vardı körpə vaxtı zibil yeşiyindən tapmışdılar. Azca mərhəmət
göstərsəydilər ya uşaq evinin, ya da polis şöbəsinin qarşısına
atılardı heç olmasa. Atıldı, unudulmadı, unutmadı.
Böyüyüb tapdı anasını, tapa bilmədi atasını.
Uzun sivri burnu, sərt sifəti vardı, üzü gülməzdi.
Atdı anasını qocalar evinə, aldı itirdiyi sevgilərin hayfını.
Atdılar, atıldılar. Sevgi gəzərkən sevgi itirdilər – unutmadılar.
O isə Səddam Hüseynin oğluyam, Səddam Hüseynin – söyləyib şəstlə,
az adamı bəyənər, yeni hökumət yaratmaq istər, şeir yazar, havalı-havalı gəzərdi.
Gəzdi, gəzdi, yorulub bitdi nəşriyyatın qabağında üzündə təbəssüm.
Pul alanda adamdan rəngi qızarır, sonra öz-özunə nəsə danışar.
Keçmişi yaxşı xatırlayır, indiki zaman yoxdu onunçun sanki.
Bir də çoxları üçün əsil təsəlli yeridi,
əksəriyyət baxıb ona ağıllı hesab edər özünü.
Bir dəfə ğörüşdən sonra maşının güzgüsündən baxıb
gözünü silən görmüşdü onu – ağlayırdı deyəsən.
Atdılar,unutmadılar.
Yaraşıqlı, boy-buxunlu idi birisi.
bütün fədakarlıqlar qorxaqlıqdan doğur – deyə yaşadı ürəyi istəyən kimi.
İstəyəndə sevər, istəyəndə atar, unudardı. Atdı, atıldı, unutdu, unuduldu.
Azıb bütün yolları dönür – yollar yorğunu, – sən hara üz almısan, zalım?
Atan atılır, unudan unudulur, aldadan aldadılır.
Atmadın, unutmadın, aldatmadın,
illərlə xəstə yatdın, sevgi tutdu səni.
O sənə dönür indi yollar yorğunu,
sən hara üz almısan, qadın? –
unutmadın, aldatmadın, atdın deyəsən.
Qırılır xatirələr…
gözləri monitorda, əlləri çənəsi altda,
bir zaman kəsiyidi, bir fəza cismi.
çoxdu, çoxluqdu – boş çoxluq:
nə gözü var, nə ürəyi –
itir düşüncəsi – yox olur artıq,
dəyişir məkan-zaman forması.
Aldatdılar, atdılar, unutdular.
Biri atıb, biri atılib gəlir.
Biri unudub, biri unudulub gəlir.
Biri aldadıb, biri aldanıb gəlir.
Biri dik, biri əyilib gəlir – gəlir.
Hamı gəlir, gəlir hər an gəlir.
Gəlir, sənə gəlir kölgə şəklində;
aldatmadın,
atmadın,
unutmadın.
Əli Şirin Şükürlü
Gundelik.az
