“Tesla” şirkətinin sahibi İlon Mask sərvəti 500 milyard dollara çatan ilk şəxs kimi tarixə düşüb.
Gundelik.az xəbər verir ki, “Forbes”in real vaxt milyarderlər siyahısına əsasən, Maskın sərvəti ötən axşam Bakı vaxtı ilə saat 21:30-da 500 milyard dollara yüksəlib. Bununla belə, ticarət gününün sonunda bu rəqəm bir qədər azalaraq 499,1 milyard dollar səviyyəsində qeydə alınıb.
Maskın sərvətindəki artım, ilk növbədə, Tesla səhmlərinin dəyərinin bərpası, həmçinin onun süni intellekt təşəbbüsü xAI və kosmik şirkəti SpaceX-in bazar dəyərinin yüksəlməsi ilə əlaqələndirilir. Bu il ərzində “Tesla”nın səhmləri təxminən 14 faiz bahalaşıb.
Hazırda İlon Mask, “Oracle”ın qurucusu Larri Ellison və “Meta”nın rəhbəri Mark Zukerberq ilə birlikdə “Forbes”in milyarderlər siyahısının ön sıralarında yer alır.
Qeyd edək ki, Maskın sərvəti ilk dəfə 2020-ci ilin avqustunda 100 milyard dolları keçmiş, 2021-ci ilin yanvarında isə təxminən 190 milyard dollar sərvətlə dünyanın ən varlı adamı elan edilmişdi.
Gundelik.az
